Azərbaycanda maska rejimi nə vaxt qayıdacaq? - AÇIQLAMA

  • 2022.07.15 17:37
  • 2789 Baxış
Azərbaycanda maska rejimi nə vaxt qayıdacaq?   - AÇIQLAMA


“Ölkədə vəziyyətin stabil olması bizi arxayınlaşdırmamalıdır. Qapalı məkanlarda maska tələbi yenidən gündəmə gələ bilər. Hər şey vəziyyətdən asılı olacaq”.


Bunu Bakupost.az -a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, məhdudiyyətlər koronavirusla bağlı vəziyyətin gedişindən asılı olacaq:

“Artıq dünyanın hər yerində koronavirusa yoluxmada artım müşahidə olunur. Eyni zamanda qonşu ölkələrdə meymunçiçəyi virusu da yayılmaqdadır. Azərbaycanda buna təsadüf olunmasa da, ehtiyatı əldən vermək olmaz. Hazırda vəziyyət stabildir deyə insanlar xəstəlikdən azad olunmuş kimi davranırlar. Hətta vaksin pasportunun ləğv olunmasını da tələb edirlər. Ancaq vəziyyət dəyişib. Qonşu İran pandemiyanın 7-ci dalğasını rəsmi elan edib. Qarşıdan payız fəsli gəlir və respirator xəstəliklərin artma ehtimalı var. Bütün bunlardan sığortalanmalıyıq ki, yoluxma və ölüm faizi artmasın”.

Millət vəkili vaksin vurulması məsələsinə də diqqət çəkib:

“Biz artıq buster dozanın müsbət nəticələrini gördük. Yalnız vəziyyətdən asılı olaraq 4-cü vaksinin vurdurulması mümkün ola bilər. ÜST hətta maska tələbilə bağlı öz tövsiyələrini verib. Baxmayaraq ki, maska məhdudiyyəti aradan qaldırılıb, amma insan xəstədirsə, könüllü olaraq maska taxa bilər".

K.Əliyeva modul tipli xəstəxanaların açılması ilə bağlı da danışıb:

“Əgər rəqəmlər artarsa, xəstəxanalarla bağlı heç bir problem olmayacaq. Çünki əvvəl 4000-5000 arası yoluxma faktı qeydə alınırdı. Ona görə də xəstəxana, çarpayı sayı ilə bağlı problemin olacağını düşünmürəm. Ölkəmizdə modul tipli xəstəxanaların fəaliyyəti dayandırılsa da, vəziyyətdən asılı olaraq, yenidən açıla bilər. Bu sahədə çox təcrübəli həkimlərimiz də yetişib”.