Azərbaycanda onlarla sağlam uşağa qıcolma dərmanlarını niyə yazırlar? - "EEQ falçılarına" həkimlərin ETİRAZI

  • 2022.04.18 14:13
  • 3901 Baxış
Azərbaycanda onlarla sağlam uşağa qıcolma dərmanlarını niyə yazırlar?  - "EEQ falçılarına" həkimlərin ETİRAZI

Körpə uşaqlarda yüksək hərarətdən beynin təsirindən qıcolmalar ola bilir. Buna febril qıcolma deyilir. Hətta elə uşaq var, hərarət 38 olan kimi bu baş verir.

Çox zaman körpələr sadəcə qızdırmasalıcı dərmanla bu halı keçirir, ağır halda xəstəxanada vəziyyətdən çıxarılır.

Bir neçə dəfə qızdırma qıcolması təkrarlananda hər ehtimala qarşı EEQ çəkilməsi təklif olunur. Bunu daha çox valideynlər uşaqda beyin qıcolması, epilepsiyanın olub-olmamasından tam arxayın olmaq üçün edir.

Əgər EEQ-də bir şey çıxmırsa, nevroloq bunun febril qıcolma olduğunu izah edib, bir daha təkrarlananda hansı dərmandan istifadə edə biləcəyini izah edir. Vəssəlam.

Qeyd edim ki. febril qıcolmalar 5-6 yaşa kimi davam edə bilər.

Bu tibdə rast gəlinən normal yanaşmadır. Lakin bəzi nevroloqlar var ki, heç bir protokola sığmayan, sovetdənqalma, kimdənsə eşitdiyi müalicələr təyin edir. Febril qıcolma keçirən uşaqlara aylarla, illərlə ağır epilepsiya dərmanları təyin olunur.

Bakupost.az xəbər verir ki, bu barədə tanınmış pediatr Aytən İsmayılzadə məlumat verib.


O, qızdırmadan sudurğa keçirən uşağa epilepsiya dərmanı yazıldığını təcrübəsində bir neçə dəfə gördüyünü bildirib.
Konkret pasiyenti misal çəkən həkim valideynləri diqqətli, ehtiyatlı olmağa çağırıb:

"Bu yaxınlarda yanıma 7 aylıq qız uşağı gətirdilər. Müayinə nəticələri və müalicələr əsasən qıcolma üzərindən idi.
Valideynlər dedi ki, uşaq 4 aylıq olanda qıcolma keçirib. Hərarəti 37 dərəcə idi. Həmin vaxt ailədə virus infeksiyası vardı.

Uşaq qıcolma səbəbilə Uşaq nevroloji xəstəxanasında 12 gün qalıb. EEQ olunub, zəif ocaq yazıldığını dedi.

Epikrizdə XBT üzrə kod tamamlanmamış diaqnoza aiddir. Heç bir yerdə epilepsiya sözünü oxumadım.

Xəstəxanadan çıxanda ikinci EEQ nəticəsi normal yazılıb. Bununla belə körpəyə Depakin (qıcolma əlehinə) təyin edilib və bu azmış kimi, 4-5 yaşa kimi davamlı qəbul etməli olduğu deyilib. Bundan başqa, uşağın hemoqlobini 92 q/l olduğu üçün hematologiya institutuna göndərilirmiş, qanazlığına görə də qıcolma ola bilər deyilib. Qan məsələsi heç, qoyuram kənara...

Bəs bu 4-5 yaşa kimi depakin qəbul etməyi hansı diaqnoza, hansı EEQ nəticəsinə əsasən dediklərinin məsuliyyətini kim daşıyır?
Mən pediatr olaraq nevroloji xəstəliklərə həsr olunmuş konfranslardan bilirəm ki, febril qıcolma illərlə, aylarla deyil, hərarətli günlərdə önlənməlidir.

Əlbəttə bunu savadlı, müasir uşaq nevroloqlarımız da təsdiq edər.
Bu kimi hallara kim baxmalıdır? Onlar da sertifikasiya imtahanını uğurla verən həkimlərdir.

Mən uşağın valideynlərini güvəndiyim uşaq nevroloquna yönləndirdim. Depakinin tədricən kəsilməsi və baş verəcək hərarətli günlər üçün qıcolma əlehinə təyinat lazım idi.

Azərbaycanda nə qədər körpəyə əsassız olaraq qıcolma dərmanları yazılır. Bunun qarşısını kim alacaq".


Həkimin paylaşımına uşaq nevroloqları da biganə qalmayıb.
Bir çox həkimlər təcrübələrində eyni halla rastlaşdıqlarını bildirib.

Psixiatr Əziz Mutafayev: “Son bir ayda 7 ildir bir xəstənin epilepsiya olmadığı halda qıcolma dərmanı qəbul etdiyini təsbit etdik. Antikomvulsant xəstə idi. Dərmanı kəsmək üçün nevroloqa yönləndirdik.
Bizdə EEQ ilə az qala falçılıq edir çoxu”.

Həkim homeopat İlyas Axundzadə: “Ölkəmizdə bundan danışan yox idi. Dəhşətlidir. Əksər hallarda qıcolmaya səbəb qızdırmanın özü yox, onun dərman ilə birdən kəskin salınmasıdır”.



Uşaq nevroloqu Aynur Zeynalova: “Uşaq nevrologiyasında o qədər sağlam körpələrə nevroloji problemi var deyə müalicələr təyin ediblər ki... Kəllədaxili təzyiq, əmgək darlığı, əmgək bağlanmır, ağlayanda çənəsi titrəyir.

Körpənin sağlam olduğuna valideyni inandıra bilməmək də bir ayrı dərddir. Sənin yanından çıxıb, sovetdənqalmış həkimə gedir, bir resept nevroloji dərmanı yazır, ondan sonra sakitləşirlər.

Febril qıcolmanı epilepsiya kimi müalicə edən yetərincə həkimlər var. Təəssüf ki, hətta febril qıcolmada heç bir tibbi protokolda görmədiyim Karbamazepin dərmanı təyin edilir. Bu faciədir”.


Pediatr həkim Lamiyə Bayramova: “Effektiv respirator tutmanı epilepsiya kimi qələmə verib illərdir dərman yazan həkimlər, adı kolik sancılarını təzyiqi var deyib aylardır psixiatrop dərmanlar yazan həkimlər çoxdur”.

Aygün Musayeva
BakuPost