Azərbaycanda psixiatrik dərmanlar yoxa çıxır: Xəstələri müalicə etməyə dərman tapmırıq - HƏKİMDƏN SOS

  • 2022.09.09 15:34
  • 4727 Baxış
Azərbaycanda  psixiatrik dərmanlar yoxa çıxır: Xəstələri müalicə etməyə dərman tapmırıq   - HƏKİMDƏN SOS

Azərbaycanda son bir neçə aydır psixiatrik xəstələr üçün vacib dərmanlar qəhətə çıxıb. Xəstələr hətta ixtisaslı apteklərdən də nevroloji, psixiatrik dərmanları tapa bilmir.


Bu isə ağır psixoz, şizofreniya, ruhi xəstələrin müalicəsinin yarımçıq qalmasına səbəb olur. Xəstələrə yazdığı dərmanları özü aptekləri gəzərək maraqlanıb, getdikcə çətin tapıldığını və son zamanlar Azərbaycana gətirilmədiyini görən psixiatr həkim Abdulla Şıxlinski
bunun gələcəkdə böyük partlayışa səbəb olacağını bildirdi.


"Medicina".az-a açıqlamasında həkim yoxa çıxan dərmanların siyahısını açıqlayıb.

"Qaloperidol, Triftazin, Klopiksol-Akufaz, Melipramin, Fluanksol,Aminazin, Moditen Depo kimi dərmanlar tapılmır. Azərbaycana gətirilmir. Bunların çoxunu Ukrayna, Rusiya, Belorus istehsal edirdi.


Bu dərmanlar olmasa heç bir psixoz tutması səngimir. Psixiatrik xəstəxanada olan xəstələrə bu dərmanlar mütləq təyin olunur. Bu həqiqətdir.

Bəzi özünü Avropapərəst göstərən özünə uzman deyənlər deyə bilər ki, bu dərmanlar köhnəlib, sovet dövründə qalıb. İndi təzə dərmanlar var. Bunlar yalandır.

Qaloperidol, Triftazin dərmanlar olmadan psixiatriya dayanır. Psixozları bunlarsız müalicə etmək mümkün deyil.

Mən belə hesab edirəm ki, Türkiyənin, Avropanın bu dərmanlardan qat-qat zəif, amma baha dərmanlarını Azərbaycana gətirib satmaq üçün Azərbaycanda dərman mafiyası, işbazlar qəsdən bu dərmanları gətirmirlər.

Atipik neyroleptikləri gətirib baha qiymətə satmaq üçün qəsdən ucuz dərmanları yoxa çıxarırlar.

Avropa ölkələrindən gətirilən eyni tərkibdə eyni adda dərmanların keyfiyyəti qat-qat aşağı, qiyməti 5 qat bahadır. İnsanları yalandan nevroloqlar, psixiatrlar aldadır ki, bunlar yaxşıdır. Hamısı da firmalardan əlavə qazanc əldə edir.

Ruhi xəstələr bu dərmanları ömrü boyu içir. Hər ay 10 manat verib dərman ala bilmir, 25 manatlığı necə alsın. Bu yazıq xəstələr, əlillər necə yaşasın.

Oliqarxlar bunu qəsdən edir. Amma belə şeyi psixiatrik xəstələr üçün etmək cinayətdir.

Hazırda Serebrolizin adlı beyin dərmanı var satışda, saxtası çoxdur, heç bir təsiri yoxdur. Avstriya istehsalı gətiriblər, üzərində heç qoloqramı da yoxdur. Xəstələrə Rusiyanın Serebrolizini kimi təsir etmir.


Hətta deyirlər adi Valerian tabletləri də gəlməyəcək. Hazırda apteklərdə az miqdar nəsə qalıbsa anbarda köhnədən qalanlardır.
Fenazepam da yoxa çıxır. Bunun nəticələri çox pis olacaq. Təcili olaraq, dövlət dərman təminatını nəzarətə götürməlidir".


Aygün Musayeva
Medicina.az