Dünya səhiyyəsində əsas nəzarət olunan stastistikalardan biri ana və uşaq ölümüdür. Son illərdə kütləvi informasiya vasitələrində uşaq ölümləri xəbərlərinin artması fonunda statistika fərqli rəqəmlər deyir.
Dövlət statistika komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycan üzrə 1 yaşa qədər körpə ölümlərinin sayı 1420 nəfərdir.
Bunlardan 804 nəfəri oğlan, 616 qız uşağıdır.
1 yaşadək uşaqların ölümündə 2023-cü il üzrə statistika 2039 nəfər idi.
“Medicina” az-a açıqlamasında TƏBİB Ana və uşaq sağlamlığı üzrə şöbənin müdiri Sevinc Məmmədova uşaq ölümlərinin azalması istiqamətində əsas həlledici səbəblərdən danışıb.
“2024-cü ildə 1 yaşa qədər uşaq ölümü 2023-cü illə müqayisədə 30% az olub. Bu rəqəmi azaltmaq üçün TƏBİB-in Ana və uşaq sağlamlığı siyasəti və tədbirlərinin əhəmiyyəti olub.
Tibb müəssisələrində perinatal, doğuş və neontologiya xidmətlərinin yaxşılaşdırılması üçün bir sıra tədbirlər görülüb.
2023-cü ilin noyabr ayında TƏBİB icraçı direktoru Vüqar Qurbanov tərəfindən imzalanmış “Ana, zahı qadın və azyaşlı uşaqlara nəzarətin gücləndirilməsi barədə əmrə uyğun olaraq, müvafiq kurator və təlimçilər
TƏBİB tabeli tibb müəssisələrində, eləcə də evlərə, ünvanlara gedərək hamilə qadınlara, zahılara xidmət göstərib, xəstə qadın və uşaqlar tibbi xidmətdən yararlanmağa cəlb edilmişdir.
Bizim xəstəxanalarda bir neçə komissiyalar fəaliyyət göstərir. Bunlardan biri də xəstəxanalarda baş vermiş uşaq ölümlərinin təhlili və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yoxlanması və qiymətləndirilməsi üzrə komissiyadır. Ümumilikdə komissiya tərəfindən 6 iclas keçirilib. 19 uşaq ölümü faktı və 17 xəstə uşağa göstərilən tibbi xidmət barədə müzakirələr edilib, bu faktlar üzrə yor verdiyi nöqsanlara görə 21 tibb işçisi inzibati cəzalandırılıb”.
Aygün Musayeva
Medicina.az