Azərbaycanda uşaqların peyvəndi məcburi olacaq? - Baş pediatrdan AÇIQLAMA

  • 2021.10.14 16:15
  • 1233 Baxış
Azərbaycanda uşaqların peyvəndi məcburi olacaq? -  Baş pediatrdan AÇIQLAMA
Hər kəsə məlumdur ki, koronavirusun yayılmağa başladığı ilk vaxtlarda uşaqların bu virusu yüngül və simptomsuz keçirdiyi, xəstəliyin onlar üçün təhlükəli olmadığı qeyd edilirdi. Bu, valideynləri müəyyən qədər arxayın edirdi. Lakin son günlər bütün dünyada və Azərbaycanda uşaqların da koronavirus əleyhinə peyvənd olunması məsələsi aktuallaşıb. Necə oldu ki, belə bir zərurət meydana gəldi? Valideynlər belə olan halda nə etməldir?
Səhiyyə Nazirliyinin ekspert mütəxəssisi Erkin Rəhimov Aztibb.az-ın bu məsələ ilə bağlı sorğusuna cavab olaraq bildirib ki, hazırda uşaqların peyvəndlənməsi məcburi deyil, valideynlərin istəyilədir. Dünyanın bir çox ölkələrində 18 yaşdan yuxarı insanlara peyvəndlər vurulub və onlar virusdan qorunur. Artıq yeniyetmələr arasında da xəstəliyin artması gözlənilir:

“Bilirsiniz ki, məktəb və bağçaların açılması uşaqların daha yaxın təmasda olmalarına şərait yaradaraq, onların arasında virusun yayılma ehtimalını çoxaldıb. Bu səbəbdən uşaqlara da peyvəndlərin vurula biləcəyi düşünülür. Həmçinin nəzərə almaq lazımdır ki, çox nadir hallarda olsa da uşaqlarda da COVID-19 səbəbindən ağırlaşma, hətta ölüm baş verə bilər”.

Pediatr açıqlamasında qeyd edib ki, bu 2 faktoru nəzər alaraq - həm məktəblər bağlanmasın, təkrar qapanmalar olmasın, həm də uşaqlar koronavirusun ağır fəsadları ilə üzləşməsin deyə, onlara da peyvənd vurmaq zərurəti yaranıb.

“Uşaqları virusdan qorumaq üçün bir yol peyvəndləmədir”, - deyən həkim əlavə edib ki, daha kiçik – 12 yaşdan aşağı olan uşaqları qorumaq üçün isə böyüklər mütləq peyvənd olunmalıdır. Eyni zamanda maska taxılmalı, şəxsi gigiyena qaydalarına riayət edilməli və sosial məsafə qorunmalıdır.