Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda bu xəstəxana - HIMSS sertifikatı aldı

  • 2025.07.14 14:55
  • 101 Baxış
Bakıda bu xəstəxana  - HIMSS sertifikatı aldı


Nizami Tibb Mərkəzi Amerika Birləşmiş Ştatlarının Səhiyyə İnformasiya və İdarəetmə Sistemləri Cəmiyyətinin (HIMSS) xəstəxana məlumatlarının idarəedilməsi sistemi üzrə beynəlxalq dərəcəli nüfuzlu akkreditasiya sertifikatını əldə edib.

"Medicina" xəbər verir ki, sertifikat HIMSS-nin önəmli qiymətləndirmə modulu hesab olunan Elektron Tibbi Qeydiyyatın Adaptasiyası Modulu (EMRAM) VI səviyyə üzrə təqdim olunub. Sertifikat informasiya texnologiyaları və idarəetmə sistemlərindən ən yaxşı şəkildə istifadə etməklə səhiyyə xidmətinin keyfiyyətli, təhlükəsiz, səmərəli formada daim təkmilləşdirilməsinə görə təqdim olunur.

Azərbaycan Respublikasında rəqəmsal səhiyyə ekosisteminin inkişafı, eləcə də göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində HIMSS təşkilatı ilə əməkdaşlıq çərçivəsində 2024-cü ilin sentyabr ayından başlayaraq Nizami Tibb Mərkəzində akkreditasiya sertifikatının əldə edilməsinə dair hazırlıq işlərinə başlanılıb.

TƏBİB-in tabeliyindəki “Rəqəmsal Tibbi Həllər” MMC və Nizami Tibb Mərkəzinin işçi qrupu tərəfindən icra edilən işlər çərçivəsində müalicə prosesi ilə bağlı təyinatlar, müəssisədaxili tibbi sənədləşmələr elektronlaşdırılıb, həkimlər, eləcə də tibb bacıları üçün elektron Qərar Dəstəyi Sistemləri (QDS) hazırlanıb və tətbiq edilib.

Həmçinin Xəstəxana İdarəetmə Sisteminin (XİS) dayanıqlığı üçün bir sıra standartlar tətbiq edilib, müalicə və müayinə nəticəsində əldə edilən məlumatların analizi, həmin nəticələrdən keyfiyyətin yaxşılaşdırılmasında istifadə ilə bağlı yeniliklər tətbiq edilib, pasiyentlərin sağlamlıq qeydlərinə əlçatanlığı genişləndirilib.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının Xəstəxana İdarəetmə Sistemləri Cəmiyyəti - HIMSS 1961-ci ildə təsis edilib. Təşkilatın fəaliyyət istiqamətlərindən biri də Cəmiyyətə məxsus 7 mərhələli yetkinlik modulları üzrə standartları tətbiq etmiş tibb müəssisələrinə beynəlxalq sertifikatların təqdim edilməsidir. Bu beynəlxalq sertifikatlar informasiya texnologiyaları və idarəetmə sistemlərindən effektiv istifadə etməklə səhiyyə xidmətinin keyfiyyətli, təhlükəsiz və səmərəli formada daim təkmilləşdirilməsinə görə təqdim olunur.

medicina.az