Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda EKMO-ya qoşulan üçüncü koronavirus xəstəsi də sağaldı

  • 2021.01.09 16:54
  • 2737 Baxış
Bakıda EKMO-ya qoşulan üçüncü  koronavirus xəstəsi də sağaldı



Mərkəzi Gömrük Hospitalının reanimatoloqlar komandası tərəfindən EKMO cihazına qoşularaq müalicə edilən üçüncü ən ağır COVID-19 xəstəsi sağalıb.

Medicina.az xəbər verir ki, ilk olaraq əməkdar artist Bəhram Bağırzadə EKMO cihazına qoşulmuşdu. Ondan sonra daha 2 xəstə bu cihaza bağlanıb. Onların kimliyi barədə məlumat verilmir.

Mərkəzi Gömrük Hospitalının pandemiya xəstəxanası kimi fəaliyyət göstərdiyi müddətdə bütün tibb personalı yalnız COVID-19 xəstələrinin müalicəsi ilə məşğul olur.

Azərbaycanda ilk dəfə məhz Mərkəzi Gömrük Hospitalının Reanimasiya və İntensiv terapiya şöbəsinin yüksəkixtisaslı həkimləri tərəfindən ən ağır COVID-19 xəstələrinin müalicəsində ekstrakorporal membran oksigenasiyası (EKMO) üsulundan uğurla istifadə edilmişdir.

EKMO-nun əsas məqsədi ənənəvi müalicəyə tabe olmayan ağır xəstələrdə orqan və toxumalara oksigen verilməsini optimallaşdırmaqdır.


EKMO aparatına ağciyərlərinin 90%-i zədələnmiş, qan qazlarında ciddi mənfi dinamika müşahidə olunan xəstələr qoşulur. Belə ki, koronaviruslu xəstələrdə ağciyərlər öz funksiyasını heç cür bərpa edə bilmirsə, süni tənəffüs aparatına qoşulduqda da fayda olmursa
EKMO cihazı ağciyər və ürək əvəzinə 2-3 həftə və daha artıq müddətdə fəaliyyət göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandırır.