Vitamin kompleksini qəbul edən vətəndaş xəstəxanalıq olub.
Medicina.az -ın məlumatına görə, vətəndaş Elvin Əliyev iddia edir ki, həkim məsləhəti ilə vitamin kompleksi almaq üçün paytaxtdakı apteklərdən birinə yaxınlaşıb və iki ədəd vitamin alıb.
İlk istifadədən səhhətinin pisləşdiyini görən vətəndaş dərmanın etiketini açıb. Məlum olub ki, etiketin altında bir etiket də var. Bu etiketdə dərmanın istifadə müddətinin bitdiyi qeyd olunub. Digərində isə yeni tarix, yeni gün yazılıb.
Onun sözlərinə görə, həkim məsləhəti ilə aldığı vitamin kompleksinin yararlılıq müddəti bitsə də, qablaşdırmanın üzərindəki tarix dəyişdirilib.
E.Əliyev deyir ki, həmin vitamin kompleksindən istifadə etdikdən sonra səhhəti pisləşib və xəstəxanalıq olub.
Vitamin kompleksinin satıldığı “Buta farm” şirkəti Cənubi Koreya istehsalı olan “Multivita” dərman vasitəsinin üzərində yer alan “26.07.22” tarix yazılışı ilə bağlı iddialara aydınlıq gətirib.
Qeyd olunub ki, Cənubi Koreyada rəsmi 2tarix formatı “gün - ay – il” deyil, əksinə “il - ay – gün”dür. Bu halda məhsulun son istifadə müddəti 22 iyul 2026-ci il olaraq qeyd olunub. Bu format beynəlxalq və Koreya sənədlərində təsdiqlənib.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən isə bildirilib ki, qeyd olunan məsələ ilə bağlı araşdırma aparılması üçün vətəndaşın bu mərkəzə rəsmi qaydada müraciət etməsi zəruridir.
Müraciət daxil olduqdan sonra məsələ qanunvericiliyə uyğun olaraq araşdırılır və zərurət yarandığı halda plandankənar yoxlama həyata keçirilir.
Daha ətraflı “Xəzər” TV-nin videomaterialında: