Bakıda körpənin yemək borusundan dəmir halqa - ÇIXARILDI

  • 29 İyl 2021 18:30
  • 874 Baxış
Bakıda körpənin yemək borusundan dəmir halqa   - ÇIXARILDI

Bakıda 1 yaşlı uşaq çarpayıda oynayarkən yad cisim udaraq boğulmağa başlayıb. Valideynləri uşağın nə udduğunu görməsələr də, ilkin müdaxilə edib, nəfəs yolunu açıblar.

Uşağın artıq nəfəs aldığını görüb, onu əlavə müayinəyə aparmayıblar.

Medicina.az xəbər verir ki, hadisədən sonra uşaq yemə və sudan imtina edib, qızdırması qalxıb.

Valideynlər qorxu içərisində uşağı xəstəxanaya, uşaq cərrahı Fuad Hüseynovun müayinəsinə çatdırırlar.

Rentgen müayinə göstərib ki, uşağın qida borusunun girişində dairəvi, böyük yad cisim qalmaqdadır.

Vəziyyət təcili müdaxilə tələb etdiyindən, qızdırmalı vəziyyətdə uşaq cərrahi əməliyyata alınır.

Dəmir halqa yemək borusunun divarına batmışdı.
Borunun cırılma təhlükəsi yüksək olduğundan cərrah və komandası xüsusi metodlarla dəmir parçasını çıxarıb.

Əməliyyatdan sonra körpə bir müddət xəstəxanada yatıb, hazırda evlərindədir və vəziyyəti yaxşıdır.

Qida borusundan çıxan dəmirin evdə hansısa tekstil, oyuncaq üzərində olduğunu güman etmək olar.