Bakıda sarılıq təhlükəsi - Ya su ilə yayılır, ya da...

  • 2024.01.17 18:32
  • 1286 Baxış
Bakıda sarılıq təhlükəsi   - Ya su ilə yayılır, ya da...

Bakı şəhəri Suraxanı rayonu Əmircan və Bülbülə qəsəbələrinin əhalisi arasında 2023-cü ilin dekabr ayından başlayaraq yoluxucu Hepatit “A” virusu xəstəliyi yayılıb.



"Medicina" xəbər verir ki, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi məlumat yayıb.


“Aparılan profilaktik tədbirlər ilə əlaqədar “Azərsu” ASC-nin mütəxəssisləri ilə birgə mərkəzləşdirilmiş içməli su şəbəkəsində laborator müayinə üsullarının tətbiqi ilə monitorinqlər keçirilir. Profilaktik tədbir olaraq su şəbəkəsində qalıq xlorun müvəqqəti yüksəlməsi ilə bağlı Əmircan və Bülbülə qəsəbələrini qidalandıran +54 Ramana mərkəzi su anbarının ərazisində 1 ədəd xlor tərkibli reagent dozalayıcı nasos quraşdırılıb. Eyni zamanda, “Azərsu” ASC-nin Suraxanı rayon Sukanal idarəsinin mütəxəssisləri rayon GEM-nin əməkdaşları ilə birgə fərdi yaşayış evlərində yerləşən ehtiyat su çənlərinin yuyulub dezinfeksiya edilməsi ilə bağlı tədbirlər həyata keçirilib”, - məlumatda vurğulanıb.


Bakının Sabunçu rayonunun Əmircan və Bülbülə qəsəbələrində sarılıq xəstəliyi yayılıb. Yerli əhali buna kanalizasiya sularının içməli suya qarışmasının səbəb olduğunu deyir.


Məsələ ilə bağlı Sabunçu Rayon Xəstəxanasının mətbuat katibi Səkinə Yusibli Publika.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda xəstəliyin hansı səbəbdən yarandığı araşdırılır:

“Dəqiqliklə deyə bilmərik ki, xəstəlik sudan olub, ya hava-damcı yolu ilə keçib. İlk müraciətlər 11-12 yanvar tarixlərində olub. Hələ də davam edir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin Yoluxucu Xəstəliklər Şöbəsində hazırda hepatit (sarılıq) səbəbi ilə stasionar müalicə alan 14 nəfərin hər birinin yaşayış ünvanı Suraxanı rayonudur və əsasən, Bülbülə və Əmircan qəsəbəsi sakinləridir. Onların doqquzu qadın, beşi isə kişidir. Vəziyyətləri stabil olaraq dəyərləndirilir”.