Bu vasitələr beyin şişi riskini artıra bilər - Qadınlara xəbərdarlıq

  • 2026.07.09 18:44
  • 127 Baxış
Bu vasitələr beyin şişi riskini artıra bilər  - Qadınlara xəbərdarlıq

Danimarkada 3 milyon qadının məlumatları əsasında aparılan yeni araşdırma bəzi hormonal doğuşa nəzarət vasitələrinin meningioma adlanan beyin şişinin yaranma riskinin cüzi artması ilə əlaqəli ola biləcəyini göstərib.

Medicina.az xəbər verir ki, bu barədə JAMA Network Open jurnalında məqalə dərc olunub.

Bildirilib ki, alimlər 25 il ərzində Danimarkanın milli sağlamlıq registrlərində toplanmış məlumatları təhlil ediblər. Araşdırma nətinəcində ən yüksək risk medroksiprogesteron tərkibli doğuşa nəzarət inyeksiyalarından istifadə edən qadınlarda müşahidə olunub. Estrogen və progestogen tərkibli kombinə olunmuş oral kontraseptivlər də riskin cüzi artması ilə əlaqələndirilib.

Mütəxəssislər qeyd edirlər ki, meningioma böyüklərdə ən çox rast gəlinən beyin şişidir və mərkəzi sinir sisteminin ilkin şişlərinin 38-42 faizini təşkil edir. Halların təxminən 90 faizi xoşxassəli olsa da, şiş yaddaşın zəifləməsi, qıcolmalar və digər nevroloji problemlərə səbəb ola bilər:

“Tərkibində 52 mq levonorgestrel olan yüksək dozalı hormonal spirallardan bir ildən çox istifadə edən qadınlarda da risk artımı müşahidə olunub. Aşağı dozalı spirallarda isə belə əlaqə aşkarlanmayıb.

Tədqiqat zamanı meningioma diaqnozu qoyulmuş 1473 qadının göstəriciləri şişi olmayan 14 717 qadınla müqayisə edilib. Alimlər riskin əsasən hazırda hormonal kontraseptivlərdən istifadə edən və ya son bir il ərzində istifadə etmiş qadınlarda daha yüksək olduğunu müəyyən ediblər”.

Bununla yanaşı, tədqiqatın müsbət nəticələrindən biri riskin qalıcı olmamasıdır.

Tədqiqat müəllifləri vurğulayırlar ki, hormonal kontraseptivlərdən bütün dünyada milyonlarla qadın istifadə etdiyindən, hətta riskdəki kiçik artım belə əhali səviyyəsində əhəmiyyət kəsb edir. Bununla belə, əldə olunan nəticələr qadınların həkim məsləhəti olmadan istifadə etdikləri kontraseptivləri dayandırmaları üçün əsas hesab edilmir.

Xanım,
Medicina.az