Bu xəstəlikdən əziyyət çəkənlərə səhvən psixi pozuntu diaqnozu qoyulur

  • 2024.05.22 16:26
  • 454 Baxış
Bu xəstəlikdən əziyyət çəkənlərə səhvən psixi pozuntu diaqnozu qoyulur
Araşdırmalar göstərir ki, tez-tez kabus görmək, eləcə də hallüsinasiyalar otoimmün xəstəliklərin erkən əlaməti ola bilər.

Medicina.az xəbər verir ki, İngiltərədəki Kembric Universiteti və London Kral Kollecinin tədqiqatçıları lupus xəstəliyinə tutulan 676 nəfər və onlarla birbaşa ünsiyyətdə olan 400 tibb bacısı, eləcə də həkim arasında sorğu keçirib.

Həmçinin müxtəlif xroniki iltihablı otoimmün xəstəliklərlə yaşayan 69 nəfərdən müsahibələr götürülüb.

İmmunitet sisteminin bədənin öz hüceyrələrinə hücum etməsinə səbəb olan lupus xəstəliyi diaqnozu qoyulan xəstələrin beşdə üçü yuxularının kabuslarla pozulduğunu bildirib. Onların üçdə biri bunun xəstəliyin başlamasından bir il əvvəl başladığını söyləyiblər.

Hər dörd xəstədən biri halüsinasiyalar gördüyünü bildirib, lakin onların 85%-də simptom xəstəliyin başlamasından əvvəl və ya sonra ortaya çıxıb.

Hər beş lupus xəstəsindən üçü və digər revmatoloji xəstəlikləri olanların üçdə biri halüsinasiyalar başlamazdan əvvəl daha çox kabuslar gördüklərini bildiriblər.

Tədqiqatçıların dediyinə görə, xəstələr yuxularını "çox inandırıcı və əzablı" kimi təsvir edirlər. Onlar yuxuda tez-tez hücuma məruz qalırlar, tələyə düşürlər, əzilirlər və ya yıxılırlar.

Xəstələrdən biri kabuslarını belə izah edib: “dəhşətlidir, insanların dərisinin tökülməsi kimidir”.

Xəstələrin çoxu eyni fikir söyləyib: "bədənim nə qədər stresli olsa, yuxu bir o qədər canlı və pis olur".

Müsahibə götürülən bəzi lupuslu xəstələrə psixi sağlamlıq problemləri kimi səhv diaqnozlar qoyulduğu anlaşılıb.

Kembric Universitetindən tədqiqatın aparıcı müəllifi Dr. Melani Slon bildirib ki, həm xəstələr, həm də həkimlər bunların otoimmün xəstəliklərin bir hissəsi ola biləcəyini dərk etməsələr, nevroloji simptomlar onları yanılda bilər.

Tədqiqatçılar müəyyən ediblər ki, sorğu keçirdikləri və müsahibə götürdükləri bir çox ekspert heç vaxt kabusların və hallüsinasiyaların bəhs edilən xəstəliyin alovlanması ilə əlaqəli olduğunu düşünməyiblər.

Onların əksəriyyəti razılaşır ki, bunları mütərəqqi alovlanmaların ilkin əlamətləri kimi tanımaq xəstəliyi aşkar etmək üçün "erkən xəbərdarlıq sistemi" rolunu oynaya bilər.


Aysel