Çirkli hava oranizmə siqaret kimi təsir edir - Xərçəng riski

  • 2024.04.16 20:24
  • 418 Baxış
Çirkli hava oranizmə siqaret kimi təsir edir -  Xərçəng riski
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, hər il 6,7 milyon nəfərin vaxtından əvvəl ölümünün səbəbi hava çirkliliyidir.

Medicina.az xəbər verir ki, Türkiyə Tənəffüs Araşdırmaları Dərnəyinin Üzvü Prof. Dr. Nazmi Bilir təbii və insan faktorları səbəbilə havaya qarışan hissəciklərin insan orqanizminə tənəffüs yolu ilə daxil olması nəticəsində xərçəng riskinin artdığını, buna görə də siqaret çəkməyənlərdə belə ağciyər xərçənginin görülə biləcəyini açıqlayıb.

Onun sözlərinə görə, 10 mikron ölçüsündə olan hissəciklər tənəffüs yollarının yuxarı təbəqələrinə çökür, 2,5 mikron ölçüsündə kiçik hissəciklər isə tənəffüs yollarının daha ekstremal nöqtələrinə keçərək ağciyərlərə çatır və xərçəngə səbəb ola bilir:

“Bu hissəciklər qıcıqlandırıcı təsir göstərir və nəticədə infeksiyaların orada yerləşməsi asanlaşır. Bu, mövcud ağciyər xəstəliyi, məsələn, astma problemi olan insanlarda vəziyyətin kəskinləşməsinə səbəb olur. Hətta heç bir xəstəliyi olmayan insanlar da bu çirkli havada uzun müddət nəfəs almağa davam edərsə, qıcıqlandırıcı təsirlərə görə belə problemlər yaşaya bilər”.

O, çirkli hava deyildikdə təkcə zərrəciklərin deyil, karbon qazı, karbonmonoksit, azot oksidi, kükürd oksidi kimi qalıq yanacaq birləşmələrində olan maddələrin də nəzərə alınmasının vacib olduğunu qeyd edib. Nazmi Bilir bu maddələrin ürək və tənəffüs yolları xəstəliklərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib:

“Havanın çirklənməsi beyindən tutmuş sidik kisəsinə qədər, mədə və bağırsaq sistemlərində də xərçəngə səbəb ola bilər”.

Karbohidrogen birləşmələri olan hissəciklərin Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi tərəfindən kanserogen maddələr kimi təyin edildiyini xatırladan Nazmi Bilir qeyd edib ki, bu hissəciklər səbəbilə daha çox tənəffüs yollarında, yəni qırtlaq, boğaz və ağciyərlərdə xərçəng yarana bilər.

“Xərçənglə mübarizədə havanın çirklənməsinin qarşısının alınması mühüm məsələdir. Fərdi bir davranış olaraq siqaret çəkmək ağciyər xərçənginin inkişafında ən böyük amildir, lakin siqaret çəkməyənlər də ağciyər xərçənginə tutula bilər. Atmosfer havasının çirklənməsi də buna təsir edir. Hazırda vətəndaşlar çirkli hava ilə nəfəs almağa məcburdur. Vətəndaşların havanın çirklənməsinə qarşı ala biləcəkləri tədbirlər, bununla bağlı imkanları məhduddur. Hava çirkliliyinin azaldılmasında vətəndaşlardan çox, ictimaiyyətin, dövlətin və sənaye təşkilatlarının üzərinə vəzifələr düşür”, - deyə professor vurğulayıb.


Aysel