Çox xəstələrə qaraciyərlə bağlı yanlış diaqnoz qoyulur və müalicə şansını itirirlər – Uzman qaraciyər cərrahı ilə MÜSAHİBƏ

  • 17 May 2021 14:55
  • 19875 Baxış
Çox xəstələrə qaraciyərlə bağlı yanlış diaqnoz qoyulur və müalicə şansını itirirlər –  Uzman qaraciyər cərrahı ilə MÜSAHİBƏ
Bəzən analiz və USM-də sağlam görünən qaraciyər belə xəstə çıxa bilər

Bir insanda səbəbi nə olursa olsun, sirroz aşkarlandısa, o, bir gün qaraciyər xərçəngi olacaqdır.

Qaraciyərdə tapılan istənilən kütlə boş verilməməlidir, onu diqqətlə araşdırmaq lazımdır.

Qaraciyər bütün orqanizmin dirijoru, əsas laboratoriyasıdır. Səssizdir, dözümlüdür, özünü bərpa edər. Amma biz indi elə dövrdə yaşayırıq ki, ən səbrli orqan belə qısa müddətdə təslim ola bilər.

Bu gün xroniki qaraciyər xəstəlikləri və bunun sonu olan qaraciyər xərçəngi onkoloji xəstəliklər siyahısında 5-cidir.

Qaraciyərimizi necə müayinə etdirək, kistlər, kütlələr, hepatit, sirroz zamanı nə edək, əməliyyatla xilas olmaq mümkündürmü?

Başkent Ankara xəstəxanası Türkiyənin qaraciyər əməliyyatları üzrə lider və çox üstün bir qaraciyər nəqli mərkəzidir. Burda hər il yüzlərlə xəstənin qaraciyər şişi əməliyyat olunur.

Medicina.az qaraciyər əməliyyatları üzrə uzman cərrah, professor doktor, yüzlərlə xəstəni qaraciyər xərçəngindən xilas etmiş həkim Gökhan Morayla hazırladığı müsahibəni təqdim edir:

Gökhan Moray 1989-cu ildə Hacettepe Universitetinin tibb fakultəsini, 1995-ci ildə də Hacettepe Universitetitinin ümumi cərrahiyyə ana bilim dalını bitirib.

Ümumi cərrahiyyə uzmanı olaraq 1995-ci ildən Başkent Universitetində çalışır.

- Gökhan hoca, Başkent Ankara xəstəxanasında ildə nə qədər insanı qaraciyərindən əməliyyat edirsiz və xəstəxananız bu sahə üzrə Türkiyə səhiyyəsində hansı zirvədədir?

- Başkent Universiteti xəstəxanası sadəcə, bir xəstəxana deyil, çox fərqlilik və üstünlükləri olan bir qurumdur. Başkent xəstəxanası təkcə Türkiyə üçün deyil, bütün dünya üçün seçilən bir mərkəzdir. Türkiyənin 6 böyük region və şəhərində xəstəxanamız var: Ankara, Adana, İstanbul, İzmir, Konya və Alanya.

Bu xəstəxanalardan əlavə 15 dializ mərkəzi və fizioterapiya reabilitasiya mərkəzi, Universitetə bağlı otellər, sanatoriyalar var. Belə bir kurulda çalışmaqdan həkim kimi qürur duyuram.

Qaraciyərin cərrahi xəstəlikləri, qaraciyər və böyrək nəqli daha çox maraq dairəmdədir.

Qaraciyərdə istənilən kütlə, kist, şiş, xəstəlik müalicəsi burda icra olunur. Ankara xəstəxanamızda qaraciyər əməliyyatlarımızın sayı ildə 100-dən çoxdur. Amma Türkiyədə qaraciyərdə kütlə və şişlərin çoxaldığını nəzərə alsaq, bu say çox azdır. Bu o deməkdir ki, hələ bir çox şəxs qaraciyərində kütlə olsa da, əməliyyata gəlməyib, ya da qaraciyərindən hələ xəbəri yoxdur. Bu gün hepatit mənşəli xərçəng dünyada ən çox yayılan onkoloji xəstəliklər içində 5-ci yerdədir. Qaraciyər xərçənginə kişilər qadınlardan 4 dəfə daha çox yaxalanır.

Xəstələr o qədər gec gəlir ki, ediləcək yardım çoxdan əldən buraxılmış olur və biz həkimlər də çarəsiz qalaraq deyirik: Kaş ki, yarım il daha tez gəlsəydi...

- Qaraciyərin tümöru, şişi dedyiniz nədir? Son illər qaraciyərdə hansı kütlələri daha çox əməliyyat edirsiz?

- Qaraciyərdə şişlər bəd və ya xoşxassəli ola bilər. Eləcə də kistlər, kistik və ya solit olur. Təəssüf ki, qaraciyərdə tapılan kütlələrin böyük əksəriyyəti bədxassəlidir. Qaraciyərdə görülən onkoloji şişlərin 90%-i başqa orqanların xərçəngindən qaraciyərə atlayan metastazlardır.

Qaraciyərin “primer”i – qaraciyərin öz toxumasının içindən qaynaqlanan şişləri də var. Bunların da 3 əsası var: qaraciyərin öz toxumasında, qaraciyərin içindəki səfra - öd yollarından, qaraciyərin bağ toxumasından. Bunların içində 80% rast gəlinən hepatit mənşəli şişlərdir, 15% səfra yollarının, 5% mezanximal dediyimiz şişlər tutur.

Qaraciyərin bir çox xəstəliyinin, istər xərçəng olsun və ya olmasın müalicəsi yalnız əməliyyat ola bilər. Xoş da olsa, bəzən kütlə və kist elə bir yerdə yerləşir ki, sarılğa yol açır, yediklərimizin bağırsaqda həzmini əngəlləyir, nəfəs almanı çətinləşdirir, bu səbəblərdən əməliyyat tələb olunur.

- Bizdə Azərbaycanda isə əksinə qaraciyəri çox az hallarda əməliyyat etmək istəyirlər. İnsanlara elə gəlir ki, bu orqan bir qan dolu orqandır, ona bıçaq dəydisə, sonu yaxşı olmur. Qaraciyərdə bir kist, ya bir kiçik tümor göründüyü zaman sadəcə 6 ay, 1 il izləyək, toxunmayaq deyirlər və beləcə zaman itirilir. Bu yanaşma doğrudurmu?

- Qaraciyər vücudda özünü yeniləyən və bərpa edən nadir orqanlardan biridir. Hətta yarısı götürülsə belə, bir neçə ay içində təkrar həmin ölçüyə çatar.



Qaraciyər əməliyyatından cərrah olaraq heç qorxmuruq. Ola bilər, kimlər üçünsə bu çətindir, amma biz illərdir bu işin uzmanıyıq. Bizim qorxduğumuz sadəcə qaraciyərdəki kütlələrin yerləşməsidir. Əgər bu şiş xərçəngdirsə, başqa orqanlara sıçraya bilməsidir.

Qaraciyər cərrahiyyəsi bütün daxili orqanların içində ən çətinidir. Orqan toxuması qanla doludur, damarlar çoxdur, içində müxtəlif anatomik formalar var. Qaraciyərsiz bir həyat mümkün deyil. Əməliyyat zamanı yol verilə biləcək hər hansı xəta insan həyatına problem yaratdığı və bir çox ölkələrdə qaraciyər cərrahiyyəsi geniş yayılmadığı üçün sizin dediyiniz kimi, “aman, qaraciyərə toxunulmasın” fikri çox həkimlərdən qaynaqlanan bir məsələdir. Bunun da tarixi var.

Mən özüm uzmanlıq oxuyurdum, o zaman təcrübədə orqan çıxarılma əməliyyatı görmədim. Söhbət 1995-ci ildən gedir. Amma gəldiyimiz bu nöqtədə ildə 100 insana qaraciyər köçürürük.

Qaraciyərdə kütlə, şiş olduğunu insan gec anlayır, çox zaman həkimlər, radioloqlar təsadüfən başqa müayinələr zamanı aşkarlayır. Məsələn, ağciyərlərin komputer tomoqrafiyasından keçəndə radioloq qaraciyərdə bir lezyon aşkarlayır. Ya da artıq ağır mərhələdə xəstə ağrıyanda, şiş yanaşı orqanları basanda, sarılıq olanda qaraciyərini yoxladır. Ona görə də çox zaman xəstələr o qədər gec gəlir ki, ediləcək yardım və əməliyyat şansı çoxdan əldən buraxılmış olur və biz həkimlər də çarəsiz qalaraq deyirik: Kaş ki, yarım il daha tez gəlsəydi.

- Bildiyimiz kimi, Azərbaycanda da, Türkiyədə də hepatitlər çox yayılır və hər il minlərlə insan buna yoluxur. İnsanlar hepatitdən peyvənd olunmur. Bu gün hepatit xəstəliyi aşkarlanan şəxs nə etməlidir ki, xərçəngə kimi gedib çıxmasın?

- Hepatit mənşəli xərçənglərin özəlliyi odur ki, bu xəstələrdə öncə xroniki qaraciyər xəstəliyi yaranır. Daha sonra sirroz yaranır, aylar sonra hepatoselyar xərçəngə çevrilir. Sirroz olmadan xərçəng görünmə ehtimalı 10-15%-i keçmir. Dolayısı ilə bir insanda səbəbi nə olursa olsun, qaraciyər sirrozu aşkarlandısa, bu xəstə bir gün qaraciyər xərçəngi olacaqdır. Bu xəstəni daim təqib etmək lazımdır. Heç təqib olunmayan, sirrozu var bilir, amma müayinələrində aylarla gecikən xəstələri xilas etmək şansı azalır.



Sirroz xəstələrində bəzən xəstəliyin gedişatında qaraciyərdə yenilənmələr baş verir. Bu yenilənmələr modullar şəklində görülür. USM və radioloji müayinədə qarşımızda modullarla dolu bir qaraciyər görürük, biz burda hansı modulda xərçəngdir, hansı sadəcə yenilənən hüceyrədir onu tapmalıyıq. Onları fərqləndirmək isə çox çətindir. Bu zaman yeganə metod peşəkar bir radioloq uzmanla baxıb, şübhə etdiyiniz yerlərdən biopsiya götürmək lazımdır. Belə durumlar bizi diaqnoz qoymaqda çətinliklərlə qarşılaşdırır, amma ən böyük çətinliyi müalicə sırasında yaşayırıq. Qaraciyər orqanizmdə orkestrin bir dirijorudur. Bütün metobolik prosesləri o idarə edir. Qaraciyərin xəstəlikləri zamanı bədəndə digər proseslər pozulur, qanama parametrlər pozulur, xəstəlik bütün sistemləri dəyişir. Bunların müalicəsi bu xəstə qaraciyəri yeniləməkdən başqa çarəsi qalmır.

Bu zaman orqan nəqli gündəmə gəlir ki, Başkent xəstəxanasında hər il onlarla xəstə üçün bu qərarı verib, onların həyatını xilas edirik.

Biz maksimum çalışırıq ki, insan öz qaraciyəri ilə həyatına davam etsin, çünki insanın öz orqanının yerini başqası verməz.

Bəzi xəstələr təəssüf ki, vaxtında orqan tapa bilmədiyi üçün bu şansı qaçırır.

Bəzi xəstələrdə zaman itirilir, düzgün diaqnoz vaxtında qoyulmur, təqib olunmur, qaraciyər şişləri ətrafa metastaz verir, bu zaman da qaraciyəri kəsmək, götürməkdə bir anlam qalmır.

- Siz 1995-ci illərdən qaraciyər üzrə uzmansız. O zamanla müqayisədə qaraciyər xəstəlikləri indi gəncləşibmi? 2 il əvvəl xərçəng xəstəlikləri içində 6-cı yerdəydi, indi bir pillə irəliləyib. 2-3 il sonra necə olacaq?

- Hepatit mənşəli şişlərin yaranmasına şərait yaradan səbəblər çoxdur. Xroniki qaraciyər xəstəliyinin yaranmasının müxtəlif ölkələr, qitələr üzrə səbəbləri də fərqlidir. Asiyada hepatitlərdir, Amerikada yağlı qaraciyər, xolesestik hepatitlər önə çıxır. Türkiyədə hepatit və yağlı qaraciyər artmaqdadır. Yağlı qaraciyərə səbəb fast-food qidalanma, zərərli qidalar, içkilər, yağlı qizartma yeməklərdir. Bu xəstələrdə hepatosolyar xərçəng riski ildən-ilə artır.

- Doktor, məsələn, xəstə hepatitdir, yağlı qaraciyərdi, sirrozdu, bunun xərçəngə çevrilməsini və ya orqanın tam çökməsini gözləmədən daha erkən yeni qaraciyərlə əvəz etmək, orqan köçürmək istəyir. Donor da tapılıbsa, müalicələrə, əməliyyatlara zaman sərf etməkdənsə, birbaşa yeni orqan köçürülə bilərmi?

- Təbii ki, xəstələrin könlündən belə şeylər keçir və olur ki, xəstədə kütlə görürük, onda deyir ki, doktor, ailəm qaraciyərini verir, orqanı dəyişin. Amma bu mümkün deyil. Orqan nəqli etməyin bir çox müxtəlif şərtləri var. Hepatit mənşəli şişlərdə xəstəlik kəsinliklə qaraciyərin içində qalmaq zorundadır. Əgər qaraciyərin xaricinə keçdisə, onurğaya, ağciyərə, bağırsağa metastaz verdisə, orqan nəqli şansı ortadan qalxır. Xəstə nə qədər desə də mümkün deyil.

İkincisi, orqan nəqli çox riskli bir əməliyyatdır. Digər canlı bir insanın orqanıdır, bu ikinci bir insan üçün riskdir. Meyitdən də olsa, ola bilər o qaraciyər daha çox ehtiyacı olan xəstəyə lazımdır. Orqanı hər ürəyi istəyənə köçürmək olmaz.

Üçüncüsü, bəzi qaraciyər şişlərində sadəcə cərrahi yolla şişi çxarmaq, təmizləmək orqan nəqlindən daha effektivdir. Qızıl standart qaraciyərin içindən o şişi rezeksiya etməkdir.

Cərrahi rezeksiyanı tam qaydasında, dəqiq, peşəkar etdikdə, xəstənin başqa müalicəyə ehtiyacı yoxdur. Hepatit xərçəng zamanı cərrahiyyədən əlavə lokal ablasion deyilən bir metod da var. Bu zaman radioloji girişlə USM altında kütlənin içinə çatılır və ora ya alkoqol, ya radioaktiv maddə verilərək yandırır, kütlə “öldürülür”. Bu şişlər 2,5 sm ə qədər olduğu zaman efektivdir. Cərrahi əməliyyatı əvəz edən bir metoddur. Eləcə də kütlənin yerləşməsindən də çox asılıdır, təhlükəli yerdə yerləşirsə etmirik.

Qaraciyərində şişlə gələn xəstəni biz multidisliplinar şəkildə bir komanda təhil edir, onu ablasion, əməliyyat, yoxsa qaraciyər köçürülməlidir, qərar verilir. Xəstə sadəcə məsələnin həllini doktorlara etibar etməlidir. Doğru qərarı verə bilmək üçün qaraciyər üzərində əməliyyatlar üzrə təcrübəli komanda və imkanların olduğu mərkəzə getmək lazımdır. Xəstə vaxtında düzgün dəyərləndirilməlidir.

Təəssüf ki, bəzən həkimlər qəsdən olmasa da, bilmədikləri üçün xəstəni yanlış yönləndirir, yanlış müalicə edir, xəstə də zaman itirir. Günümüzdə ən çox yaşadığımız problemlərdən biri də budur. Xəstələr bəzən yanlış yönəltmələr səbəbindən zaman itirir.

- Qaraciyər şişlərini götürdükdən sonra əməliyyat uğurlu olarsa, xəstənin neçə il ortalama yaşama şansı var?

- Cərrahiyyədə hər hansı xəstəlik üçün dəqiq il demək doğru deyil. Amma biz əgər cərrahi müdaxiləyə xəstəni alırıqsa, deməli burda şans, ümid çoxdur və biz əməliyyatla məqsədimiz bu xəstəni tamam sağaltmaqdır, xilas etməkdir. Amma burda bizə kömək edən xəstəliyin dərəcəsidir. Əgər qaraciyərdə şişi çox erkən, ölçüsü kiçikkən, əsas yolları, damarları tutmamış və metastaz verməmiş yaxalasaq, sağalma şansı çox yüksəkdir. Şiş böyüdükcə, şans azalır. Digər ətrafa metastaz olduğunda isə risk 0-a düşə bilər. Amma kimsə üçün bu 100% sağalacaq və ya 100% həyatını itirəcək deyə bilmərik. Çünki çox xəstələrimiz var ki, ağır dediyimiz durumda belə böyük kutlələri əməliyyat etdik, sonra radioterapi müalicəsi alıb, həyatına çox gözəl şəkildə problemsiz davam edir. Bu nəticələr olmasa, biz bu işlərə qol çirmələmərik. Qaraciyərində bir şiş tapıldı, "vay, bunun çarəsi yox, ömrünə az qaldı, getsin nə qədər ömrü var yaşasın" demək doğru deyil. Çox elə düşünən xəstələr olub ki, 5-7 ildir yaşayır. Buraxsaydı, 1 ilə öləcəkdi.

- Olubmu ki, qaraciyərin 80%-ni tutan bir şiş götürmüsüz, qaraciyərdən çox az hissə qalıb, sonradan qaraciyər tam bərpa olub?

- Qaraciyərin özünü bərpa etməsinin də şərtləri var. Ciddi xroniki qaraciyər yetməzliyi yoxsa, 1 kiloqramlıq qaraciyərin 250-qramı qalana qədər çıxara bilərik. 70% çıxarılsa belə bərpa olma şansı var. Amma bri xroniki qaraciyər xəstəsində belə olmaya bilər. Bu xəstələrdə erkən evrə - A qrupunda xəstələri əməliyyat edə bilirik. Onlarda 50% toxuma çıxara bilərik. Digər qruplar isə çox risklidir.

- Doktor, qaraciyərdə çox zaman kiçik kistlər aşkarlanır və buna sadə kistdir deyib əməliyyat etmirlər. Bu kistlərin təhlükəsi varmı?

- Sadə, bəsit kistlər zaman-zaman çox insanda yenə də başqa bir müayinələr KT zamanı görülə bilir. Əgər uzman bir radioloq diqqətlə baxdıqdan sonra düzgün diaqnozla buna bəsit boş kist olduğunu təsdiqləyirsə, qorxmağa dəyməz. Əgər kistin formaları dəyişirsə, ətrafı çox kələ-kötürdürsə, içi doludursa, bundan şübhələnmək və biopsi etmək lazımdır. Həkimi müalicəyə yönəldən radioloqun rəyidir. Biz radioloq deyilik. Bizə xəstələr USM və KT diskləri gətirir, xəstə gözləyir ki, həkim diskə baxan kimi mənə diaqnoz qoyacaq. Bu, mümkün deyil. Biz illərdir görürük, adı radioloq olan çox həkimin verdiyi rəylər bir-biri ilə ziddir. Bəzən isə səhvdir. Burda təcrübə çox önəmlidir. Düzgün bir rəy çox xəstənin taleyini dəyişir. Biz əməliyyat edə bilərik, bilmərik qərarımız da bu raporlardan asılıdır.



- Azərbaycanda olan xəstələrə nə məsləhət görürsüz? KT və ya analizlərdə qaraciyərində xəstəlik, kist, kütlə aşkarlandığı zaman hepatoloqla sadəcə müalicə edib gözləsin, yoxsa belə bir mərkəzdə daha dəqiq, dərindən yoxlanıb, rəy alsın?

- Bu doğru deyil. Hətta xoş xassəli dediyimiz kütlələrdə belə xərçəngləşmə riski var. Bunlara vaxtında doğru diaqnoz qoyulmazsa, gözlədikdə onlar da xərçəng olacaq. Dolayısı ilə doğru müayinə, doğru təqib də uzman mütəxəssislər tərəfindən olmalıdır. Heç bir qaraciyər xəstəliyi, qaraciyərdə şiş, kist, kütlə boş buraxılmamalı, əsk təqdirdə çox gözəl müalicə şansını qaçıra bilərlər.

- Son olaraq, doktor, insan neçə aydan bir qaraciyərini yoxlatmalıdır? Hansı müayinələr qaraciyərin xəstə və sağlam olduğunu 100% göstərə bilir?

- Burda qaraciyər nəqlindən misal çəkim, sizə aydın olacaq. Biz qaraciyəri canlıdan və meyitdən alaraq 2 yolla nəql edirik. Meyitdən orqan alma 80 milyonluq əhalisi olan Türkiyədə pandemiya öncəsi dönəmdə ildə 500-600 civarında idi. Bu isə 1 milyon əhaliyə 7 idi. Bu çox azdır. İspaniyada bu rəqəm 40-dır, Avropada 50-dir. Qaraciyər gözləyən xəstələrimizin 80%-i canlı donordan orqan alır. Türkiyə canlıdan qaraciyər almaq üzrə dünyada Cənubi Koreya ilə birinciliyi paylaşır.

Canlıdan orqan alanda biz donoru qaraciyər funksional testlər, USM, KT, analizlər hər müayinədən keçiririk. Cavablar yaxşı çıxır, tamam, bu normal donordur. Amma yaşadığımız coğrafiyanın şərtlərini nəzərə alıb, bir də biopsi edirik. Və qarşımızda əvvəlki analizlərdə normal bildiyimiz qaraciyərin tablosu budur: insanların 25%-də qaraciyərində heç bir problem görünməsə də, biopsisində gələcəkdə problem yaradacaq dəyişikliklər görülür. Deməli, ən dəqiq müayinə biopsiyadır. O zaman hər kəsdən biopsi edəkmi? Bu da asan prosedur deyil. Əlbəttə ki, xeyr.

Bir çox xəstələr gəlir, doktor, 1 il öncə chek up etdirmişdim, qaraciyərim yaxşı idi, heç bir problem yox idi. Təəssüf ki, deyil. Bir insanın etdiyi rutin müayinələr və ya bir çek up həmin zaman üçün, həmin ay üçün çəkdirdiyi bir fotoya bənzəyir və 100% zəmanət deyil. Qaraciyər funksion testləri xroniki qaraciyər xəstəliyində belə normal çıxan xəstələr gördük. Eyni şey ürək, böyrəklər üçün də keçərlidir.

- Bəs o zaman biz nə edək? Necə bilək ki, qaraciyərimiz xəstədir?

- Edə biləcəyiniz tək şey budur: ən kiçik şikayətləri gözardı etməyin. Chek up etdirin, zərəri yox. Chek upın bəzi xəstəliklərdə heç bir önəmi yoxdur.



Əsas hər hansı şikayətiniz, narahatlığınız olarsa, mütləq bunun ardıyca gedin. Məsələn, ən dramatik əlamət sarılıqdır, göz bəbəkləri içərisi saralır, sonra bu dəriyə keçir. Sidik rəngi tünd çay rəngi alır. Səfra yolları tutulduqda nəcis açıq ağ krem rəngi alır. Dolayısı ilə hər bir insan bədənindən ifraz olunan mayeni, axıntını özü hər gün müşahidə etməlidir: sidiyi, tüpürcəyini, nəcisi, təri, burun axıntısı və kişilərdə sperm, qadınlarda vaginal axıntı. İnsan vücudundan çıxan bu mayelərdə istənilən dəyişiklik onu şübhələndirməlidir. Xəstədə normal yediyi halda ani çəki itkisi, qarının sağ yuxarı hissəsində ağrı, yeyən kimi tez doymaq hissi, ağırlaşma və s. olarsa vaxt itirmədən qaraciyərini yoxlatmalı və əməliyyat şansını qaçırmamaq üçün doğru mərkəzə, doğru həkimə getməlidir.

Azərbaycandan xəstələrin müraciət etməsi üçün əlaqə: +90 530 830 53 00

Aygün Musayeva
Medicina.az