Çoxlu xəstəxanalar açmaq yüksək səhiyyə xidməti üçün kifayət deyil - Hakan Dinçyürək

  • 2026.07.03 11:08
  • 251 Baxış
Çoxlu xəstəxanalar açmaq yüksək səhiyyə xidməti üçün kifayət deyil -  Hakan Dinçyürək

"Səhiyyədəki sürətli inkişaf və dəyişiklik hər bir ölkənin öz vətəndaşlarına daha keyfiyyətli, daha yüksək səviyyəli tibbi xidmət göstərməsi üçün böyük üstünlük yaradır".

Medicina.az xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin səhiyyə naziri Hakan Dinçyürək deyib.



Onun sözlərinə görə, hər keçən gün daha effektiv, daha elmi əsaslara söykənən və əməkdaşlıq şəraitində səhiyyə xidmətləri təqdim olunur:

"Əməkdaşlıq dedim, çünki artıq dünyanın hər hansı bir nöqtəsində əldə olunan yenilik və ya inkişaf qısa müddətdə geniş bir şəbəkə vasitəsilə bütün dünyaya yayılır. Bu da yeni texnologiyaların və tibbi yeniliklərin digər ölkələrdə də eyni vaxtda tətbiq olunmasına imkan verir.

Bütün bunlar ölkələrin səhiyyəyə yatırdığı sərmayələrin sürətlə artmasına səbəb olur və dövlətlərin səhiyyə sahəsində imkanlarını, gücünü daha da artırır.

Buna paralel olaraq bizim ölkəmizdə də son əlli ildə görünməmiş səhiyyə investisiyaları həyata keçirilir. Yeni xəstəxanalar, sağlamlıq mərkəzləri, müasir texnoloji avadanlıqlar alınır, həkimlərin peşəkar hazırlığına xüsusi diqqət yetirilir.

Bir tərəfdən xəstəxanalar və sağlamlıq mərkəzləri tikə, texnologiyanı izləyərək onu ölkənizin səhiyyə sisteminə inteqrasiya edə, həkimlərinizi təlimlərə göndərərək bu texnologiyalardan daha səmərəli istifadə etmələrini təmin edə bilərsiniz.
Lakin ən yüksək səviyyədə səhiyyə xidməti göstərmək üçün bunlar kifayət etmir. Artıq yalnız xəstəxanaların mövcudluğu kifayət deyil. Əgər səhiyyədə ən yüksək səviyyəli idarəetməyə sahib deyilsinizsə və effektiv səhiyyə idarəçiliyini həyata keçirə bilmirsinizsə, etdiyiniz bütün digər investisiyaların xəstəyə keyfiyyətli xidmət kimi çatdırılmasında, xəstə və onun yaxınlarının məmnuniyyətinin təmin edilməsində arzu olunan nəticəni əldə etmək mümkün olmayacaq".

Aygün Musayeva
Medicina.az