Daha bir ölkədə prezervativ pulsuz olacaq

  • 2024.03.16 17:34
  • 656 Baxış
Daha bir ölkədə prezervativ  pulsuz olacaq
İspaniya hökuməti cinsi yolla keçən xəstəliklərlə mübarizə məqsədilə gənclərə pulsuz prezervativ paylamağa hazırlaşır.

Medicina.az “Euronews”a istinadən xəbər verir ki, səhiyyə naziri Monika Qarsiya hökumətin məsələ ilə bağlı qərarını ilk dəfə Senatın Səhiyyə Komissiyasında açıqlayıb.

"İnfeksiyanın qarşısını almaq üçün pulsuz peyvənd variantını nəzərdən keçirərkən, prezervativ kimi təsirli bir seçimin ehtiyat tədbirləri arasında olmaması məntiqli deyil", - nazir deyib.

M.Qarsiya cinsi yolla yoluxan infeksiyalarda ciddi artım olduğunu diqqətə çatdırıb. O, nazirliyin prezervativlərin ictimai səhiyyə sistemi tərəfindən qarşılanmasını istədiyini qeyd edib.

İspaniyanın rəsmi xəbər agentliyi EFE gəlirlərindən asılı olmayaraq 14-22 yaş arası gənclərin pulsuz prezervativ əldə edə biləcəklərini yazıb.

EFE-nin nazirlikdəki mənbələrinə əsaslanaraq verdiyi xəbərə görə, gənclər sağlamlıq kartları vasitəsilə istənilən aptekdən pulsuz prezervativ əldə edə biləcəklər.

Qeyd edək ki, Fransada ötən ilin yanvar ayından bəri yaşı 26-dan az olanlar üçün prezervativ pulsuzdur və xərclər sağlamlıq sığortası tərəfindən ödənilir.


Aysel