Ebola qızdırmasının dünyada yayılma riski - Açıqlandı

  • 2026.05.20 15:36
  • 86 Baxış
Ebola qızdırmasının dünyada yayılma riski  -  Açıqlandı

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən mətbuat konfransında bildirib ki, Ebola qızdırmasının qlobal miqyasda yayılma riski azdır, lakin regional səviyyədə yüksəkdir.

"Biz riski regional səviyyədə yüksək, qlobal səviyyədə isə aşağı qiymətləndiririk", - deyə o bildirib.

Medicina.az xəbər verir ki, ÜST rəhbəri yoluxma hallarının sayının artacağını vurğulayıb. Hazırda virusa yoluxma ilə bağlı təxminən 600 şübhəli hal var və 139 ölüm hadisəsi qeydə alınıb.

Konqo Demokratik Respublikasının şərqindəki İturi əyaləti yeni Ebola epidemiyasının episentri hesab olunur. Xəstəlikdən ilk ölüm hadisəsi də orada qeydə alınıb.

Virusun yayılması riski səbəbindən əl sıxmanın qadağan edildiyi Uqandada daha iki yoluxma halı aşkar edilib.

ÜST bu iki ölkədə Ebola epidemiyasını beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyəti elan etmişdi.

Bu arada, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (Avropa Birliyinin müstəqil agentliyi) son Ebola epidemiyasının virusun yeni variantı olan Bundibugyo tərəfindən törədildiyindən ehtiyat edir, çünki ona qarşı peyvəndlər yoxdur.


Aygün Musayeva