FHN-in Modul Tipli Hospitalının sabiq baş həkiminin - Məhkəməsi başladı

  • 30 Sen 2021 18:04
  • 315 Baxış
FHN-in Modul Tipli Hospitalının sabiq baş həkiminin    - Məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev, müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Medicina.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, R.Vəlizadə hospitalda Nəqliyyat şöbəsinin rəhbəri olub. Q.Orucov və T.İmanlı isə hospitalda qeydiyyatçı işləyiblər.

Prosesdə həbsdə olan təqsirləndirilən şəxslərin vəkilləri vəsatət verərək həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyiblər.

T.İmanlının vəkili vəsatətində müdafiə etdiyi şəxs barəsində cinayət təqibinə xitam verilməsini istəyib.

T.İmanlı məhkəməyə müraciət edərək istintaqda şok vəziyyətində olduğunu, həmin vəziyyətdə ifadə verən zaman düzgün fikirlər bildirmədiyini söyləyib. O, istintaq ifadəsindən imtina edib.

Məhkəmə vəsatətləri təmin etməyib.

Məhkəmənin baxış iclası oktyabrın 7-nə təyin edilib.

Rəsmi məlumata görə, FHN-nin Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi İ.Ağayev və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış iş üzrə istintaq yekunlaşdırılıb.

Belə ki, istintaq zamanı İ.Ağayevin həmin vəzifədə işləyərkən müəssisənin vəzifəli şəxsləri olan R.Vəlizadə, T.İmanlı və Q.Orucov ilə qabaqcadan əlbir olaraq hospitalın “VİP korpus”larına yerləşdirilərək daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilməsi müqabilində 6 nəfər şəxsdən ümumilikdə 10 min 500 manat pul vəsaitini almasına, həmçinin yenidən əmək müqaviləsinin bağlanması yolu ilə həmin müəssisədə fəaliyyətlərini davam etdirmələrinə görə hospitalın ayrı-ayrı əməkdaşlarından cəmi 5 min manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, İ.Ağayevin fasiləsiz şəkildə müəssisəyə qəbul olunmalarına dair görüntü yaratmaqla COVID-19 pandemiyasından əziyyət çəkən 140 nəfər xəstənin özünün təsisçisi və direktoru olduğu “Medi Style” MMC-nə məxsus Təcili Tibbi Yardım avtomobilləri vasitəsi ilə Modul Tipli Hospitala aparılması müqabilində həmin şəxslərdən xidmət haqqı qismində ümumilikdə cəmi 51 min 600 manat məbləğdə pul vəsaitini almasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, İ.Ağayevin müxtəlif tarixlərdə verdiyi COVID-19 test nəticəsi pozitiv çıxmış Rüfət Vəlizadənin (müəssisənin vəzifəli şəxsi) mütəmadi olaraq sərbəst şəkildə tibb müəssisəsinin inzibati binasını tərk edərək sərbəst şəraitdə hərəkət etməsinə şərait yaratmasına, həmin hərəkətləri ilə epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozaraq xəstəliyin yayılması ilə bağlı ağır nəticələrə səbəb olan real təhlükə yaratmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan sübutlar əsasında İ.Ağayev və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 139-1.2 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması ağır nəticələrə səbəb olduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. /report.az/