Fırça ilə ağız xərçəngini müəyyən etmək mümkün olacaq

  • 2026.07.10 12:05
  • 232 Baxış
Fırça ilə ağız xərçəngini müəyyən etmək mümkün olacaq

Alimlər ağız xərçənginin diaqnozunda inqilabi yenilik hesab edilən, invaziv olmayan yeni fırça testi hazırlayıblar.

Medicina.az xəbər "Biomarker Research" jurnalına istinadla verir ki, test ağız xərçəngini 96 faiz dəqiqliklə müəyyən edir və nəticəni təxminən 1 saat ərzində verir.

Yeni üsulda şübhəli nahiyədən yumşaq fırça ilə hüceyrə nümunəsi götürülür. Daha sonra nümunə genetik analiz edilərək ağız xərçəngi ilə əlaqəli dörd gen yoxlanılır. Beləliklə, ağrılı biopsiyaya ehtiyac əhəmiyyətli dərəcədə azalır.

Tədqiqat çərçivəsində 545 xəstədən götürülən 1090 nümunə analiz edilib. Nəticələr göstərib ki, test həm xərçəngi yüksək dəqiqliklə aşkar edir, həm də sağlam toxumaları düzgün qiymətləndirir.

Mütəxəssislərin sözlərinə görə, bu üsul ağız xərçənginin daha erkən mərhələdə aşkarlanmasına, lazımsız biopsiyaların qarşısının alınmasına və risk qrupunda olan xəstələrin mütəmadi izlənməsinə imkan verə bilər.

Hazırda test hələ klinik praktikada istifadə olunmur. Tədqiqatçılar onun yaxın illərdə tibbi istifadəyə təqdim olunacağını bildirirlər.

Xanım,
Medicina.az