Göz altı qaralmaları təkcə yorğunluqdan yaranmır. Bəzən bu, orqanizmdə baş verən dəyişikliklərin ilk əlaməti ola bilər.
Medicina.az göz altı qaralmasının tibbi səbəblərini təqdim edir:
1. Yuxusuzluq və xroniki yorğunluq
Kifayət qədər yatmadıqda dəri solğunlaşır, göz altındakı damarlar daha aydın görünür və qaralma yaranır.
2. Dəmir çatışmazlığı və qanazlığı
Dəmir çatışmazlığı toxumaların oksigenlə təminatını azaldır və göz altı qaralmaları ilə yanaşı halsızlıq, başgicəllənmə və ürəkdöyünmə yarada bilər.
3. Allergiya
Mövsümi və ya xroniki allergiyalar gözlərdə qaşınma, şişkinlik və göz altının tünd görünməsinə səbəb ola bilər.
4. Susuzluq
Orqanizmdə maye azaldıqda gözlər daha çökük görünür və göz altı qaralmaları nəzərə çarpır.
5. Genetik xüsusiyyət
Bəzi insanlarda göz altı qaralmaları irsi olur və hər hansı xəstəliklə əlaqəli olmur.
6. Yaşlanma
Yaş artdıqca dəri nazikləşir, kollagen azalır və göz altındakı damarlar daha aydın görünür.
7. Qalxanabənzər vəzin xəstəlikləri
Bəzi hormonal pozğunluqlar dəri rəngində dəyişiklik və göz ətrafında şişkinlik yarada bilər.
8. Dəri piqmentasiyasının artması
Günəş şüaları, hormonal dəyişikliklər və iltihabdan sonra göz altında piqment yığılması baş verə bilər.
9. Xroniki stress
Stress yuxu keyfiyyətini pozur, hormonal balansı dəyişdirir və göz altı qaralmalarını artırır.
10. Böyrək və digər xroniki xəstəliklər
Təkcə göz altı qaralması böyrək xəstəliyi demək deyil. Lakin qaralma ilə yanaşı şişkinlik, sidikdə dəyişiklik və yüksək təzyiq də varsa, həkim müayinəsi vacibdir.
Nə vaxt həkimə müraciət etməlisiniz?
Göz altı qaralmaları qəfil yaranıbsa
Qaralma ilə yanaşı halsızlıq, arıqlama, nəfəs darlığı və ya digər şikayətlər varsa
Göz altında ağrı, qızartı və ya birtərəfli şişkinlik yaranıbsa
Qaralmalar uzun müddət keçmirsə və getdikcə artırsa
Aygün Musayeva