Finlandiyalı tədqiqatçılar gündə təxminən beş fincan qəhvə içən insanların daha az visseral yağ və daha çox əzələ kütləsinə sahib olduğunu müəyyən ediblər.
Medicina.az xəbər verir ki, gündə beş və ya daha çox fincan qəhvə içmək daxili orqanların ətrafında toplanan və sağlamlıq üçün təhlükə yaradan visseral yağın daha aşağı səviyyəsi ilə əlaqələndirilir.
Finlandiyadakı Oulu Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, gündə təxminən beş fincan qəhvə içən insanların bədən yağ faizi daha az qəhvə içənlərlə müqayisədə daha aşağı və əzələ kütləsi daha yüksəkdir.
"European Journal of Nutrition" jurnalında dərc olunan tədqiqatda 1966-cı ildə Finlandiyada anadan olan 2264 nəfərin məlumatları araşdırılıb. İştirakçıların orta yaşı 46 olaraq qeydə alınıb.
İştirakçılar qəhvə istehlakına görə dörd qrupa bölünüblər. Bu qruplara ümumiyyətlə qəhvə içməyənlərdən tutmuş gündə beş və ya daha çox fincan içənlərə qədər müxtəliflik təşkil edib. Daha sonra tədqiqatçılar fərdlərin çəkisini, BKİ-ni, bel dairəsini, bədən yağının faizini, əzələ kütləsini və qan təzyiqini qiymətləndiriblər. Xolesterol, insulin və testosteron kimi hormonların səviyyəsini ölçmək üçün qan nümunələri də götürülüb.
Gündə beş və ya daha çox fincan qəhvə içənlərin bədən yağı təxminən 27 faiz təşkil edib. Bu rəqəm qəhvə içməyənlərdə təxminən 29 faiz olub.
Ən çox qəhvə içən qrupun da təxminən 6 faiz az visseral yağ və ən yüksək səviyyədə əzələ kütləsi olub.
Dərinin altında hiss edilən yağdan fərqli olaraq, visseral yağ qaraciyər, bağırsaqlar və digər daxili orqanlar ətrafında toplanır. Bu yağ toxumasının ürək xəstəliyi, 2-ci tip diabet, Alzheimer xəstəliyi və bəzi xərçəng növləri ilə əlaqəli olduğu məlumdur.
Tədqiqatçılar bildirirlər ki, qəhvənin birbaşa çəki və ya yağ itkisinə səbəb olduğunu demək mümkün deyil. Bu, əsasən tədqiqatın müşahidə xarakterli olması ilə bağlıdır. Buna görə də, tədqiqatçılar nəticələrin qəhvədəki polifenollar adlanan iltihab əleyhinə birləşmələr, kofein və ya digər amillərlə əlaqəli olub-olmadığını müəyyən edə bilməyiblər.
Qəhvənin növü də vacib ola bilər. French pres qəhvəsi kimi süzülməmiş qəhvələrin "pis" LDL xolesterol səviyyəsini artırdığı və qan damarlarının divarlarında toplana biləcəyi və infarkt və insult riskini artıra biləcəyi məlumdur.
Qəhvənin mümkün metabolik təsirlərini və istehlak üçün təhlükəsiz miqdarı müəyyən etmək üçün daha əhatəli tədqiqatların aparılmasına ehtiyac olduğu vurğulandı.
Aygün
Medicina.az