Gündə bir dəfə ətdən imtina etmək bu təhlükəli halın qarşısını alır

  • 2024.05.06 09:53
  • 452 Baxış
Gündə bir dəfə ətdən imtina etmək  bu təhlükəli halın qarşısını alır
Dərc edilmiş bir araşdırmaya görə, gündə cəmi bir dəfə veqan və ya vegetarianlar kimi qidalanmaq qaraciyəri qoruyur.

Medicina.az xəbər verir ki, günlük ət qəbulu miqdarını azaltmaqla qaraciyəri zədələnmiş şəxslərdə zərərli ammonyak səviyyələrini aşağı salmağın mümkün olduğu anlaşılıb.

ABŞ-ın Virginia Commonwealth Universitetinin Tibb Fakültəsi və Richmond VCU Tibb Mərkəzinin tədqiqatçıları müalicə alan 30 yetkin insana tərkibində 20 qram zülal olan burger təklif ediblər.

Tədqiqat üçün 10 nəfərə donuz və mal ətindən hazırlanmış köftə, 10 nəfərə veqan ət əvəzedicisi, qalan 10 nəfərə isə vegetarian lobya burger təqdim edilib.

İştirakçılar həmçinin az yağlı kartof çipsləri, tam taxıllı keks və su da istehlak ediblər. Ədviyyatlara və souslara icazə verilməyib.
Yeməkdən əvvəl və sonra qan, eləcə də sidik nümunələri götürülüb. Tədqiqat müəllifləri bildirirlər ki, ammonyak istehsalı və qaraciyər ensefalopatiyası ilə əlaqəli amin turşuları ətsiz burger yeyənlərə nisbətən ətli burger yeyən iştirakçılarda daha yüksək olub.

Hepatik ensefalopatiya qaraciyərin ciddi zədələnməsi nəticəsində yaranan beyin pozğunluğudur.

Orqanizm yeməkləri həzm etdikdə bağırsaqlardakı bakteriyalar ammonyak əmələ gətirir. Tullantı məhsul adətən qaraciyərdə emal olunur, lakin ciddi zədələnmiş qaraciyərlər bu funksiyanı yerinə yetirə bilmir və zəhərli kimyəvi birləşmənin beyində toplanmasına səbəb olur.

Tədqiqatçılar qeyd edirlər ki, bağırsaq bakteriyaları və pəhriz ammonyak səviyyəsinə təsir edə bilər.

"Pəhrizdəki kiçik dəyişikliklərin, məsələn, hərdən bir ətsiz yemək yeməyin sirrozlu xəstələrdə zərərli ammonyak səviyyələrini aşağı salmaqla qaraciyərə fayda verə biləcəyini görmək həyəcan verici idi", - deyə VCU qastroenteroloqu Dr. Jasmohan Bajaj deyib.

Araşdırmanın ilkin nəticələri “Clinical and Translational Gastroenterology” jurnalında dərc olunub.

Dr. Bajaj və komandası deyir ki, veqan pəhrizinin sirroza və ammonyak səviyyələrinə təsirinin daha ətraflı öyrənilməsinə ehtiyac var.

Buna baxmayaraq, onlar ümid edirlər ki, həkimlər ət yeyən qaraciyər xəstələrini əti bitki və ya süd mənşəli zülalla əvəz etməyə təşviq edəcəklər.


Aysel