Ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlər, şəkərli diabeti, nevroloji xəstəlikləri və digər xroniki sağlamlıq problemləri olan şəxslər günəş şüalarının təsirinə qarşı daha həssasdırlar.
Medicina.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.
"Müxtəlif hallarda günvurma nəticəsində bədən hərarəti 40°C və daha yuxarı qalxa bilər. Dəri isti, quru və qızarmış olur, nəbz sürətlənir, tənəffüs tezləşir. Daha ağır hallarda diqqət pozğunluğu, davranış dəyişiklikləri, nitqdə çətinlik, huşun bulanması, qıcolmalar və hətta huşun itirilməsi müşahidə oluna bilər. Bu əlamətlər təcili tibbi yardım tələb edən ciddi vəziyyətin göstəricisidir", – deyə ekspert bildirib.
Xüsusilə günəş şüalarının daha intensiv olduğu saat 11:00-dan 17:00-dək açıq havada uzun müddət qalmaq tövsiyə edilmir: "Zərurət olmadıqda çölə çıxmamaq, açıq havaya isə əsasən səhər saat 11:00-dək və axşam 17:00-dan sonra üstünlük vermək məsləhətdir".
Aygün Musayeva