Hamiləlikdə yaranan diabet doğuşdan sonra keçirmi? - Həkimlə müsahibə

  • 2025.11.24 18:15
  • 59 Baxış
Hamiləlikdə yaranan diabet doğuşdan sonra keçirmi? -  Həkimlə müsahibə

Şəkərli diabet bir çox ciddi xəstəliyin meydana gəlməsində rol oynayan və dünyanın hər yerində rast gəlinən bir xəstəlikdir.

Medicina.az xəbər verir ki, şəkərli diabetin yaranma səbəbləri, növləri və əlamətləri, onun müalicəsi və digər suallara Səhiyyə Nazirliyi Elmi–Tədqiqat Tibbi Bərpa İnstitutunun endokrinoloqu Aygün Əliyeva aydınlıq gətirib.



- Aygün xanım, ilk öncə bilmək istərdik ki, şəkərli diabet nədir?

- Qanda şəkərin miqdarının çox olması bu xəstəliyin əsas göstəricisidir. Xəstəliyin səbəbi insulin hormonu ifrazının hansısa səbəbdən kifayət qədər və ya heç olmaması, ya da toxumalarımızın insulinə qarşı rezistent hala gəlməsidir.
Bir çox növü olan şəkər xəstəliyinin ən çox rast gəlinən və adətən 35-40 yaşdan sonra ortaya çıxan Tip 2 diabetdir. Bu tip diabet zamanı mədəaltı vəzində yetərincə insulin ifraz oldunduğu halda hüceyrələrdə olan insulin reseptorlarının işləməməsi səbəbindən insulin hormonuna qarşı həssaslıq itir.
Bu zaman şəkər (qlükoza), insulin tərəfindən hüceyrələrə daşına bilmir və qlükoza miqdarı qanda çoxalmağa başlayır. Bu vəziyyət ağız quruması, çəki itkisi, çox su içmək və çox yemək yemə kimi simptomlarla təzahür edir.


- Doktor, şəkər xəstəliyi nədən yaranır?

- Şəkər xəstəliyinin yaranma səbəbləri növündən asılı olaraq dəyişir. Tip 1 diabetin dəqiq səbəbləri tam bilinməsə də, onun əsasən autoimmun xəstəlik olduğu düşünülür. Tip 2 diabet əsasən həyat tərzi və genetik faktorlarla, artıq çəki və piylənmə, streslə əlaqədardır.
Diabet, bədənin karbohidratları şəkərə (qlükozaya) çevirməsi və ya bu şəkərin qanda yüksək qalması nəticəsində yaranır. Bu, insulinin ya istehsal edilməməsi, ya da düzgün işləməməsi səbəbindən baş verir. İnsulinin vəzifəsi, qlükozanı hüceyrələrə daxil edərək enerji üçün istifadə etməyə kömək etməkdir.
Bədən hüceyrələri insulinə düzgün cavab vermədikdə (insulininə davamlılıq), insulin şəkəri hüceyrələrə daxil edə bilmir və nəticədə qan şəkəri yüksəlir. Bu vəziyyət, karbohidrat, zülal və yağ mübadiləsində pozğunluğa səbəb olur və qanda qlükozanın yüksək səviyyədə qalması ilə özünü göstərir.

- Fiziki aktiv həyat tərzi ilə diabetin qarşısını almaq mümkündürmü?

- Şəkərli diabet riskiniz varsa, onun qarşısını ala bilərsiniz. Belə ki, şəkər xəstəliyinin idarə olunmasında müntəzəm fiziki aktivlik mühüm rol oynayır. Gündəlik məşqlər bədənin insulinə həssaslığını artıraraq qan şəkərin səviyyəsini stabilləşdirir. Həftənin 5 günü, gündə ən azı 30 dəqiqə idman və ya fiziki fəaliyyətlə məşğul olmağa çalışın. Gəzinti, üzgüçülük və ya yüngül idman növləri şəkər xəstələri üçün tam uyğundur.
Həmçinin, çəkiyə nəzarət diabetin qarşısının alınmasının vacib hissəsidir. Belə ki, sağlam qidalanma planına əməl etmək, hər gün qəbul etdiyiniz kalorilərin miqdarını azaltmaq olduqca vacibdir. Bundan əlavə, rasionunuza çoxlu miqdarda tərəvəz və meyvə, tam taxıllı, paxlalı bitkiləri daxil etmək, eyni zamanda qırmızı ət istehlakını məhdudlaşdırmaq tövsiyə olunur.

- Həmçinin bilmək istərdik ki, qan şəkərinin norması hansı aralıqda olmalıdır?

- Xəstəliyin diaqnozunu qoymaq üçün qan şəkərini səviyyəsini ölçmək əsas üsullardan biridir. Normal qan şəkəri-100 mq\dl.100-125 mq\dl arasında şəkər önü vəziyyət olur. 126 mq\dl yuxarı şəkərli diabetin göstəricisidir. Bundan başqa HB1AC (qlikohemoqlobin) testi son 3 ay ərzində qanda şəkərin orta səviyyəsini göstərən bir analizidir. Bu test daha dəqiq məlumat verir və diabetin ilkin mərhələsində istifadə olunur. HB1AC səviyyəsi normal orqanizmdə 5.6%-dir. HB1AC 5.7-6.4 % gizli şəkərin 6.5% və ondan yuxarı olması diabet diaqnozu üçün əsasdır.
Bəzi hallarda şəkər yükü testi (OGTT) tətbiq olunur. Test zamanı xəstəyə müəyyən miqdarda şəkər məhlulu içirdikdən sonra qan şəkərin səviyyələri ölçülür. Bu üsul xüsusən hestasion şəkərli diabetdə effektlidir.

- Qadınlarda və kişilərdə diabet fərqli şəkildə özünü göstərə bilərmi?

- Qadınlarda və kişilərdə diabet formaları eynidir. Lakin bəzi spesifik fərqlər mövcuddur. Qadınlarda hamiləlik diabeti, polikistik yumurtalıq sindromu, vaginal infeksiyalar, kişilərdə isə erektil disfunksiyası, testosteron səviyyəsi, prostat problemləri kimi spesifik fəsadlara daha çox rast gəlinir.
Hər iki cinsdə müntəzəm qan şəkəri monitorinqi və həyat tərzi dəyişikliklər vacibdir.

- Hamiləlik zamanı yaranan diabet doğuşdan sonra keçirmi?

- Hamiləlikdə yaranan diabet, hamiləlik zamanı ortaya çıxan və adətən doğuşdan sonra keçən bir şəkər xəstəliyidir. Bu vəziyyət ana və körpə üçün müəyyən risklər yaradır. Lakin sağlam həyat tərzi, düzgün qidalanma və həkim nəzarəti ilə idarə oluna bilər. Hamiləliyin ikinci trimestrində bu diaqnozu yoxlamaq üçün testlər aparılır.
Piylənmə, fiziki passivlik, nəzarətsiz karbohidrat istehlakı, doymuş və trans yağ turşuları, emal edilmiş məhsulların həddən artıq istehlakı hamiləlikdə şəkəri yüksəldən əsas səbəbləridir. Bununla bərabər, genetik və ətraf mühit amillərinin də hamiləlikdə şəkərin yaranmasında təsirləri var.
Hamiləlik planlaşdıran qadınların hamiləlik öncəsi bədən çəkisinin optimal aralıqda olmasına və hamiləlik dövründə artıq çəki artımı olmamasına diqqət edilməsi tövsiyə olunur.
Hestasion diabet adətən hamiləliyin 24-cü həftəsində inkişaf edir. Hamiləliyin 24-cü və 28-ci həftələri arasında hamiləlik şəkər testi edilməsi son dərəcə vacibdir. Ana və körpənin sağlamlığını qorumaq məqsədi ilə hamiləlik şəkəri testi etdirilməsi tövsiyə edilir. Hamilənin özündə və ya ailə tarixçəsində tip 1 və tip 2 diabet varsa, hamiləliyin erkən dövrlərində həkim nəzarətində irəliləməsi təmin edilməlidir.