Havalar soyuduqca, Covid-ə yoluxma artacaq - Baş infeksionist

  • 2021.10.18 15:58
  • 1665 Baxış
Havalar soyuduqca, Covid-ə yoluxma artacaq  - Baş infeksionist
Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayında artım müşahidə edilir və bu artım əvvəlcədən proqnozlaşdırılmışdı.

Bir sıra məhdudiyyətlərin aradan qaldırılması, ali və orta ümumtəhsil məktəblərində əyani təhsilə, toy və yas mərasimlərinin keçirilməsinə icazə verilməsi koronavirusla yoluxan vətəndaşların sayını artıran səbəblərdəndir. Havaların daha da soyuması ilə əlaqədar olaraq yoluxma sayının daha da artacağı gözləniləndir.


Bu fikirləri Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi, infeksionist Təyyar Eyvazov deyib.

Ekspert-mütəxəssis bildirib ki, yumşalmalar vətəndaşlar arasında təmasın artmasına səbəb olub:

"Nəzərə almaq lazımdır ki, COVID-19 pasportunun tələb olunmasına baxmayaraq, iri ticarət mərkəzlərinin də fəaliyyəti bərpa edilib. Eyni zamanda, havaların soyuması ilə əlaqədar vətəndaşlar qapalı mühitlərdə toplaşırlar və nəticədə infeksiyanın ötürülməsi üçün əlverişli şərait yaranır, həmçinin "delta" ştamı əvvəlkilərlə müqayisədə daha yoluxucudur.


Bu da yoluxanların sayının artmasına gətirib çıxarır. Vətəndaşlar virusa yoluxmamaq üçün qoruyucu tədbirlərə əməl etməli və vaksinasiya olunmalıdırlar. Bu faktorların intensivliyinə əsasən yoluxma dinamikası barədə proqnoz vermək mümkündür. Müşahidə edilən artım dinamikasının nə qədər davam edəcəyini demək mümkün deyil, amma hər halda, havaların soyuması ilə əlaqədar bir qədər artımın olacağı gözləniləndir".

Qeyd edək ki, Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına ötən sutkada 1896 yoluxma faktı qeydə alınıb, 764 nəfər müalicə olunaraq sağalıb. İndiyədək isə ölkədə ümumilikdə 502 min 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, aktiv xəstə sayı 17 min 39 nəfərdir.