Havalar soyuyur: xəstəxanalar nə zaman qızdırılacaq?

  • 2021.11.06 10:04
  • 1253 Baxış
Havalar soyuyur:  xəstəxanalar nə zaman qızdırılacaq?
“Azəristiliktəchizat” narahatlıq üçün əsas görmür"

Noyabr ayı yenicə başlasa da, havaların soyuduğu aşkar hiss edilməkdədir. Qış mövsümünə keçid sakinlərdə müəyyən narahatlıq yaradır. Məktəbəqədər təhsil müəssisələrinin istiliklə təchizatı indiki mərhələdə xüsusi sual doğrudan məsələlərdəndir.

Soyuq hava şəraitində bəzi müəssisələrə istilik vaxtından əvvəl verilə bilərmi?

“Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətləri şöbəsinin müdiri Rafiq Əliyev bildirib ki, uşaq bağçaları və məktəblərlə müqavilə əsasında işləyir. “Müqavilədə nəzərdə tutulan müddət 5 aydır. Bağçalara və məktəblərə istilik istənilən hava şəraitində noyabrın 15-dən veriləcək”, - deyə o, əlavə edib.

Yeri gəlmişkən, Bakı sakinləri mərkəzləşdirilmiş istilik sisteminə etibar etmirlər. Bu səbəbdən evlərin qızdırılması üçün kombi sisteminə üstünlük verilir. Sovet dövründə tikilən binalarda qızdırıcılar lazımi dərəcədə istilik verməsə də, ucuz idi. İndi isə mərkəzləşdirilmiş istilik sistemləri yeni mənzillərdə ümumiyyətlə quraşdırılmır.

Hazırda “Azəristiliktəchizat” ASC-yə məxsus 550 qazanxana istismar edilməklə 3800 yaşayış binası, mənzil, 291 məktəb, 150 uşaq bağçası, 159 səhiyyə, 112 büdcədən maliyyələşdirilən digər sosial obyekt və 1188 təsərrüfat obyekti istiliklə təmin edilir.

Bəs məktəb, bağça və xəstəxanalarda mərkəzləşdirilmiş istilik sistemləri qışa hazırdımı?

“Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətləri şöbəsinin müdiri Rafiq Əliyev “Yeni Müsavat”a mövzunu şərh edərkən bildirdi ki, məktəblər, bağçalar, xəstəxanalar, yaşayış binalarına xidmət edən bütün qazanxanalar qış mövsümünə hazırdır:



“Qazanxanaları istənilən vaxt işə sala bilərik. Fərdi qazanxanası olduğu təqdirdə istənilən müəssisəni istiliklə təmin etmək mümkündür. Ödənişə təminat verildikdə istilik təchizatını təmin etmək olar. Ümumiyyətlə, respublika ərazisində 285 məktəbin istiliyi ”Azəristiliktəchizat" tərəfindən verilir. Digər məktəblərin fərdi istilik mənbələri var. Bütün müəssisələrin istilik təchizatı bizdən asılı deyil".