"Baku Medical Plaza"dan ittihamlara cavab

  • 2020.11.13 16:35
  • 6326 Baxış
"Baku Medical Plaza"dan ittihamlara cavab
"Bəzi mətbuat orqanlarında "Baku Medical Plaza" ilə bağlı işgüzar nüfuzuna xələl gətirən, həmçinin ittiham edən yazılara rast gəlinir. Belə ki, bu günlərdə KİV-də Adil Rəhimli adlı şəxsin adından döyüşçü olan qardaşının 2 aylıq övladının guya klinikamızda 4 saat girov saxlandığı, ödəniş edildikdən sonra girovluqdan azad edildiyi barədə açıqlama dərc olunub. Bildiririk ki, bu məlumat kökündən yanlışdır və bizi ittiham etməklə törədilən böhtan cinayətidir".

Medicina.az xəbər verir ki, bu sözlər "Baku Medical Plaza"nın bu gün yaydığı açıqlamada yer alıb. Klinika hadisənin əslində necə baş verdiyinə də aydınlıq gətirib:

"Adil Rəhimlinin qardaşının övladı Rəhman Rəhimli pilorstenoz diaqnozu ilə klinikamıza daxil olub. Noyabrın 11-də əməliyyat olunaraq evə buraxılıb. Əməliyyatın xərci 4300 manat olsa da, 2038 manat güzəşt edilib və o, cəmi 2262 manat ödəniş edib. Həmin vətəndaşın klinikamızda olduğu vaxt kamera görüntülərində əksini tapıb və uşağın evə buraxılması prosesi cəmi 29 dəqiqə çəkib, bu da standarta uyğundur. Həmçinin Adil Rəhimli bizə rəsmi müraciət etməyib, şifahi şəkildə sponsor tapdıqlarını və əməliyyat xərcini sponsorun ödəyəcəyini bildirib. Əməliyyatı edəcək həkim də alcağı məbləğdən imtina edərək bildirib ki, döyüşçüyə görə öz əməliyyat xərcini halal edir. Lakin sonradan vətəndaş bizə məlum olmayan səbəbdən gedib həqiqətə uyğun olmayan açıqlama verməklə, bizə qarşı böhtan dolu fikirlər açıqlayıb.

Bu günlərdə bütün Azərbaycan Vətən müharibəsi üçün səfərbər olunub. Hamımızın qəlbi Qarabağın azadlığı uğrunda döyüşən əsgərlərimizlə döyünüb. "Baku Medical Plaza" da ilk gündən “Hər şey Vətən üçün, Hər şey Cəbhə üçün” devizi ilə Qələbəmizin təmin olunması, cəbhəyə, şanlı Ordumuza dəstək olmaq üçün səfərbər olunub, bu amalla çalışıb. 28 sentyabrdan 67 həkim və tibbi personal maaşları saxlanılmaqla 300 min manatdan artıq tibbi ləvazimat və dərmanlarla birlikdə cəbhə bölgəsindəki xəstəxanalara ezam olunub, həmin xəstəxanalarda həkimlərimiz yüzlərlə yaralını əməliyyat edərək həyatlarını xilas edib, reanimasion şəraitdə müalicələrini aparıblar, hazırda da bu işlər davam edir, eləcə də 10-dan çox ağır yaralı əsgərimiz reanimasion şəraitdə klinikamızda müalicə olunur, bundan başqa onlarla döyüşçü və şəhid ailəsinə pulsuz tibbi yardımlar etmişik və bu iş bu gün də davam edir. Bu da bizim Vətənə olan borcumuzdur və bundan da artığını etməyə çalışırıq. Müharibənin ilk günündən klinikamız digər klinikaları da bu təşəbbüsə qoşulmaları üçün KİV-də çağırış etmişdir ( http://www.bmp.az/az/newsd/82-har-sey-vatan-ucun ).

Lakin nəzərə almaq lazımdır ki, biz həm də vergi ödəyicisiyik, işçilərimizə maaş veririk, hansı ki, onların da arasında qardaşı, həyat yoldaşı ön cəbhədə döyüşənlər var. Biz onların da ailəsinin maddi təminatı üçün cavabdehik.

Bildiririk ki, həqiqətən R.Rəhimli klinikada girov saxlanmış olsaydı, bu gün mətbuata müraciət edə bilən vətəndaş dərhal hüquq-mühafizə orqanlarına da müraciət edə bilərdi. Lakin belə bir müraciət etməyib və bu bir daha sübut edir ki, elə bir hadisə baş verməyib. Ona görə də bu açıqlama ilə KİV-i məsuliyyətli olmağa və informasiya verərkən diqqətli olmağa dəvət edirik. Bundan əlavə bildiririk ki, məsələ ilə bağlı hüquq-müafizə orqanlarına və məhkəməyə müraciət ediləcək".