Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Həkimləri Təkmilləşdirmə İnstitutuna yeni rektor təyinatı

  • 2025.07.07 15:17
  • 200 Baxış
 Həkimləri Təkmilləşdirmə İnstitutuna yeni rektor    təyinatı

Prezident tərəfindən yeni fərmanla rektor təyinatı olub.

"Medicina" xəbər verir ki, sərəncamla Nazim Adil oğlu Pənahov Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin edilib.

Nazim Adil oğlu Pənahov 6 dekabr 1971-ci ildə anadan olub. Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsinə daxil olub, oxuduğu müddətdə N.Nərimanov adına təqaüd alıb, 1993-cü ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə qurtarıb.

1993–1995-ci illərdə ATU-nun Ortopedik stomatologiya kafedrasında klinik ordinator, 1996–1999-cu illərdə aspirant, 2000–2008-ci illərdə assistent, 2008–2016-cı illərdə dosent vəzifələrində çalışıb. 2017-ci ildən kafedranın professoru və Ortopedik stomatologiya kafedrasının müdiridir.

2003-cü ildə "Diş-çənə anomaliyaları zamanı parodont xəstəliklərinin ortopedik müalicəsi" mövzusunda dissertasiya işini müdafiə edərək, tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adını qazanıb.

2014-cü ildə "Azərbaycan Respublikasında yeniyetmələr arasında diş-çənə anomaliyalarının və deformasiyalarının epidemiologiyası, ortodontik və ortopedik yardıma ehtiyacın öyrənilməsi, kompleks müalicə və profilaktika tədbirlərinin əsaslandırılması" mövzusunda dissertasiya işini müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsinə yiyələnib.

2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adını alıb.

Azərbaycan Peşəkar Ortoped Stomatoloqlar İctimai Birliyinin həmtəsisçisi və İdarə heyətinin üzvüdür.

Dövlət İmtahan Mərkəzinin "Ortopedik stomatologiya" ixtisası üzrə eksperti, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Tibb və əczaçılıq elmləri üzrə ekspert şurasının" üzvüdür.
Səhiyyə nazirinin 11 mart 2019-cu il tarixli əmri ilə Səhiyyə Nazirliyinin baş stomatoloqu təyin edilib.


Azərbaycan Prezidentinin 09 aprel 2021-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar həkimi" fəxri adına layiq görülüb.

07 noyabr 2016-cı ildən 11 oktyabr 2024-cü ilədək Azərbaycan Tibb Universitetinin Elmi katibi vəzifəsində çalışıb.

Səhiyyə nazirinin 12 oktyabr 2024-cü il tarixli əmri ilə Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin edilib.