Hər qızdırması olan gedib özü analiz verə bilməz- İşçi qrupunun rəhbəri koronavirus analizi barədə

  • 2020.02.28 20:51
  • 5490 Baxış
Hər qızdırması olan gedib özü analiz verə bilməz-  İşçi qrupunun rəhbəri koronavirus analizi barədə


“Əgər hansısa şəxs özündə koronavirus şübhəsi görürsə, bu adam yaxın zamanda səyahətdə olubsa, o zaman təcili yardıma xəbər verməlidir”.

Medicina.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yolxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.

Onun sözlərinə görə, bu zaman xüsusi maskada olan həkim gəlib onu yoxlayacaq:

“Yaxma nümunəsi götürəcək və müvafiq yerlərə göndərəcək. Qeyd edim ki, həmin nümunə Xüsusi Təhlükəli İnfeksiyalar üzrə Mübarizə Mərkəzinə göndərilir. Amma hansısa insan özü sərbəst şəkildə gedib bu cür yoxlanıla bilməz, çünki bu zaman qarışıqlıq olar. Həmin şəxsə gərək həkim nəzarət etsin. Ölkədə nə qədər insan var, hər qızdırması olan gedib o cür yoxlansa, qarışıqlıq olar. Gərək bu təyinatı həkim versin. Koronavirus təhlükəsi olan adamdan yaxma alındıqdan sonra həmin şəxs karantinə alınır”.

V. Əliyev bildirib ki, statistikaya görə, bu virusun 10 yaşından aşağı uşaqlarda öldürücü təsiri yoxdur:

“Ahıl yaşlı insanlarda, özəlliklə də xroniki xəstəliyi olanlar, məsələn, diabeti, xroniki böyrək, ürək, qaraciyər çatışmazlığı, eləcə də orqan transplantasiyası, onkoloji xəstəliyi olan insanların müqaviməti zəif olduğu üçün onlarda koronavirus daha şiddətli keçir. Bəzi xəstələr iki həftəyə sağala bilər, bəzilərində daha şiddətli ola bilər, eyni zamanda, yenidən yoluxma ehtimalı da var. Necə ki, qrip virusuna yenidən yoluxma olursa, eyni zamanda koronavirusda da ola bilər. Bu, bütün viruslara aiddir”.