Alimlər insulinin iynəsiz dəridən bədənə keçməsinə imkan verən yeni bir texnologiya hazırlayıblar. Heyvan təcrübələrində təxminən bir saat ərzində qan şəkərini aşağı salan bu üsul gələcəkdə diabet xəstələri üçün insulin bantlarının yolunu aça bilər.
Medicina.az xəbər verir ki, diabet xəstələri tərəfindən gündəlik istifadə edilən insulin inyeksiyaları gələcəkdə dəriyə tətbiq olunan gel və ya bantlatla əvəz edilə bilər.
Alimlər insulinin dəri baryerini keçməsinə imkan verən xüsusi bir polimer hazırlayaraq iynəsiz insulin tətbiqi istiqamətində əhəmiyyətli bir addım atıblar.
Tədqiqatda hazırlanmış sistem insulinin dəri vasitəsilə qan dövranına çatdırılmasını bacarıb.
Diabetli siçanlar və donuzlar üzərində aparılan təcrübələrdə dəriyə tətbiq olunan insulin geli təxminən 1-2 saat ərzində qan şəkərini normal səviyyəyə endirib.
Təsirinin təxminən 12 saat davam etdiyi və uzunmüddətli təsir göstərən bazal insulin inyeksiyalarına bənzər bir təsir göstərdiyi bildirilib.
Tədqiqatçılar bildirirlər ki, hazırladıqları polimer dərinin təbii pH fərqindən faydalanır.
Dərinin xarici təbəqəsinə yapışdıqdan sonra polimer daha dərin təbəqələrdə strukturunu dəyişdirir və insulini dəri baryerindən kənara daşıyır. Bu, dərmanın ənənəvi inyeksiyalara ehtiyac olmadan qan dövranına çatmasına imkan vermək məqsədi daşıyır. Bildirilir ki, bu texnologiya gələcəkdə gel və ya dəri bantı şəklində istifadə edilə bilər.
Mütəxəssislər nəticələrin ümidverici olduğunu vurğulayırlar, lakin tədqiqat hələ də ilkin mərhələdədir.
Texnologiya indiyə qədər yalnız heyvanlar üzərində sınaqdan keçirilib. İnsanlarda təhlükəsizliyini və effektivliyini müəyyən etmək üçün klinik sınaqlar başa çatdırılmalıdır.
Aygün
Medicina.az