Kök kişilər də ata ola biləcək, əgər...

  • 2023.06.20 22:59
  • 1281 Baxış
Kök kişilər də ata ola biləcək, əgər...
Alimlər kök kişilərə atalıq ümidi veriblə. Əgər arıqlasanız və çəkinizi qorusanız, o zaman spermin keyfiyyəti yaxşılaşacaq.


“Medicina” xəbər verir ki, bu kəşf Kopenhagen Universiteti və Hvidovre Universitetinin (Danimarka) tədqiqatçıları tərəfindən edilib.


Piylənmənin kişi sonsuzluğu riskini artırdığı məlumdur, çünki metabolik pozğunluqlar səbəbindən spermanın keyfiyyəti əhəmiyyətli dərəcədə təsirlənir.


Bununla belə, Danimarka alimlərinin apardığı klinik araşdırmanın nəticələri göstərir ki, piylənmənin vurduğu zərər geri qaytarıla bilər.


Tədqiqatda ağır piylənmədən əziyyət çəkən 56 kişi iştirak edib. İştirakçıların yaşı 18-65 arasında idi. İlkin mərhələdə bütün iştirakçılar səkkiz həftə ərzində aşağı kalorili pəhrizdə oturub, nəticədə orta hesabla 16 kiloqram arıqlayıblar.
Kişilərdə belə əhəmiyyətli çəki itkisi nəticəsində spermin keyfiyyəti kəskin şəkildə yaxşılaşdı: toxum mayesində spermatozoidlərin konsentrasiyası 50%, spermatozoidlərin sayı isə 40% artıb.


Tədqiqatın ikinci mərhələsində iştirakçılar təsadüfi olaraq, qruplara bölündü. Növbəti il ərzində kişilərin bəziləri idmanla fəal məşğul oldular, bəziləri isə normal həyat tərzi keçirdilər.


Eyni zamanda bəzi iştirakçılar piylənmə əleyhinə dərmanlar, bəziləri isə plasebo qəbul edib.


Bir il sonra məlum olub ki, yenidən çəkisi artmayan kişilər kəskin kilo itkisindən sonra əldə edilən sperma keyfiyyətinin yaxşılaşma səviyyəsini qoruyub saxlaya bilib. Bunlara il boyu aktiv şəkildə məşq edən iştirakçılar və idmanla məşğul olmasa da, piylənmə üçün dərman qəbul edən iştirakçılar daxildir. Çəkisini saxlaya bilməyən kişilərdə spermanın keyfiyyəti yenidən aşağı düşüb.

Günay Quluzadə