Koronavirusdan sağalan xəstələr niyə özünə gələ bilmir? - Stress, ağrılar, yuxusuzluq, aglamaq

  • 11 Yan 2021 15:31
  • 3747 Baxış
Koronavirusdan sağalan xəstələr niyə özünə gələ bilmir?  - Stress, ağrılar, yuxusuzluq, aglamaq

Bütün dünya həkimləri və alimləri koronavirusdan sonra. hətta peyvənddən sonra koronavirus xəstələrinin sonrakı müalicəsi - postkovidlə məşğul olacaqlarını bildirir. Artıq bir çox xəstəxanalar, reabilitasiya mərkəzləri məhz post kovid xəstələri üçün ayrılıb.

Medicina.az xəbər verir ki, postcovid dedikdə virusa yoluxmuş – istər yüngül, orta, istərsə də ağır xəstələrin xəstəlik sonrası dövrü nəzərdə tutulacaq.


Qeyd edək ki, virus testlə təsdiqləndikdən sonra xəstəlik dövrü 28 gündür. Ondan sonra post kovid dövrü gəlir və bu minimum 1 ay, maksimum 3 ay çəkir.

35-40 gündən sonra xəstə sanki özünə gəlir, bədəni toparlanır.

Bu vəziyyət digər virus xəstəliklərində də olur, buna tibbdə Asteniya vəziyyəti deyilir.


Koronavirusdan sonrakı asteniya vəziyyətinin ən çox rast gəlinən əlamətləri:

- Əgər koronavirus mərkəzi sinir sistemi və dad iybilmə mərkəzini zədələyibsə, xəstələrdə dad və iybilmənin bərpası 3-4- ay çəkə bilər. Bu xəstələri yorur, qorxudur, əsəblərini tarıma çəkir, həyat keyfiyyətini aşağı salır.

- Ağciyərlərdə buzlu şüşə sahəsi çox olanlar və pnevmoniya keçirənlər 40 gündən sonra da çətin nəfəsalma, daralma, döş qəfəsində ağırlıq,sıxılma, çox və sürətli gəzəndə, hərəkət edəndə təngnəfəslik, əvvəlki gücünün olmamasını hiss edir.

- Ürək-qan damar sistemində dəyişikliklər - ürəkdə nəbz pozuntusu, taxikardiya, sıxılma, miokardın zədələnməsi, damarlarda zədələnmə, mikrotromblaşma və s. Bu daha çox 45-70 yaş arası xəstələrdə müşahidə olunur. Virus ürək əzələsini zəiflədir

- Kəskin avitaminoz – xəstəlik immuniteti əldən saldığı üçün bədənin C vitamini, mineralları, B qrup vitamini, maqniy, kaliy və s. tükənir. Xəstələr virus zamanı bədəni vitaminlə yükləyir, 28 gündən sonra sağaldığını düşünüb, vitaminləri unudur. Halbuki tükənmiş orqanizmə bundan sonra dəstək lazımdır. Bu dövrü isə heç bir həkim xəstəyə izah etmir.

- Antibiotiklərdən və müxtəlif lazımlı-lazımsız ağır dərmanların təsirindən həzm sisteminin pozulması, disbakterioz, mədədə reflüks, qıcqırmanın artması, ürəkbulanma, ishal, göbələk və s. kimi problemlər aylarla xəstələri narahat edir.

10 gün antibiotik müalicəsi almış insanın bağırsaq florasının bərpası üçün ən azı 3-6 ay lazımdır. Əgər insan normal qidalansa, probiotik, prebiotik qəbul etsə, mikrofloranı bərpa edə bilər. Bu hallar cavanlarda da çox rast gəlinir. Həkimlər sizə probiotik yazmayıbsa, özünüz mütləq qəbul edin

- Sinir, əzələ ağrıları, əl-ayaq, sümük ağrıları – virus periferik, mərkəzi və vegetativ sinir sistemini zədələyir. Xəstələr çox zaman stress və müalicənin təsirindən arıqlayır. 90% koronavirus xəstələri azı 5-9 kq arıqlayır. Yataq rejimi əzələ sümük sistemini tənbəlləşdirir. Sonradan bədəndə müxtəlif ağrılar, narahatlıqlar olur. Ağrılar revmatizmə bənzəyir, amma xəstədə revmatizm analizləri normal çıxır.

- Saçların tökülməsi –Koronavirus baş beyin, qan damar sistemini zəiflətdiyi üçün və vitamin-mineral balansı tükəndiyindən saçlar tökülür. Bərpası uzun müddət çəkir. Lazım gələrsə həkim trixoloq, həkim kosmetoloq köməyi lazımdır.

- Panik atak, depressiya, təşviş pozuntusu, ölüm xofu – maraqlıdır ki, insanların çoxu hələ koronavirus testinin cavabı çıxmamış panik atak, qəribə təşviş halında olduqlarını etiraf ediblər. Xəstəlik boyu təbii ki, bu hallar artır, ən sakit, özünü ələ alan xəstənin belə psixoloji çətnlikləri və beynində qorxu formalaşır.


Xəstə 14 günü tamamlayır, 21 gün keçir, həkimlər deyir virus yoxdur, sağlamsan, amma şüur, beyin hələ bu qorxunu unutmur, xəstəlik halından çıxa bilmir. Hələ də xəstə üçün ölüm təhlükəsi olduğunu güman edib, oyaq vəziyyətdə qalır. Böyrəküstü vəzilər stress hormonları kortizol və adrenalini qana çox miqdarda hasil edir. Bu da xəstədə panika, ağlamaq, qorxu, ürəkdə ritm pozulması, hərarətin qalxması, bədəndə əsmə, başda gicəllənmə, sıxılma yaradır.

- Tərləmə, saçın dibinin islanması – bir çox xəstələr gəzəndə, evdə iş görəndə, bir az hərəkət edən kimi bədənlərinin, kürəyinin tərlədiyini, soyuq tər gəldiyini, xüsusən saçların dibinin islandığını qeyd edir. Bu da bədənin termotənzimləyici hissəsinin pozulması, əzələlərdə zəiflik, bədəndə toksinlərin olması səbəbindəndir.


- Yuxu pozulması - xəstələr yuxuya getməkdə çətinlik çəkir, tez-tez ayılır, dərin yuxuya getmir, səhər tezdən oyanır, yuxudan doymur, key kimi olur. Həkimlər bu xəstələrə melatonin tərkibli prepatların uyğun dozasını təyin edir.


Bütün bunları nəzərə alaraq, xəstənin şikayətlərinə görə əlavə dəstək və müalicələrə ehtiyac var.
Bütün koronavirus xəstələrinin sonradan nevroloq, psixoloq müalicəsi alması lazımdır. Nevroz, panik atak və depressiyanın öz dərmanları var.


Nə etməli:

Koronavirusdan sağaldıqdan sonra, halbuki bunun baş verdiyini demək olmaz, yəni kəskin dövrü geridə qoyduqdan sonra hər bir kəs terapevt, kardioloq, nevroloq və mütləq bir damar həkimindən - fleboloq müayinələrdən keçməlidir. Yenidən qan, sidik, qaraciyər analizləri verməlidir. Xüsusən koronavirus damarları zədələdiyi, qanı qatılaşdırıb tromb yarada bilər. Məlumdur ki, xəstələri öldürən də ağciyərlərdəki pnevmoniya yox, tromblaşmadır. Bir çox xəstələrə antikoaqulyantlar təyin edilib.

Ona görə xəstələr sağaldıqdan sonra qanın laxtalanma və tromb analizini bir daha yoxladıb, yüksəlmələr varsa həkim nəzarəti ilə qandurulaşdırıcı və antikoaqulyant qəbul etməlidirlər. Xəstəlik dövründə verilən analizlər artıq keçərli deyil, vəziyyət dəyişə bilər.

Xəstələr qeyd edir ki, koronadan sonra orqanizmdə sanki yaxşılaşma-pisləşmə dalğaları baş verir. Xəstə nə baş verdiyini anlamır. Bu ya immun sistemin hələ də mübarizəsi, ya xəstənin zəifləməsi, ya da yeni virusun bilmədiyimiz oyunlarıdır.


Nəzərə alın ki, bu dövr keçicidir, analizləriniz yaxşıdırsa heç bir dərmana ehtiyac yoxdur, siz sadəcə 3 ay sağlam qidalanma, gəzmək, hava almaq, yaxşı yuxu və psixoloji dəstək almaqla bu dövrü atlatacaqsız. Bilin ki, bu həmişəlik simptomlar deyil.