Maqnit və ya batareya udan uşaqda nə baş verir?

  • 2026.07.13 17:25
  • 114 Baxış
Maqnit və ya batareya udan uşaqda nə baş verir?


Uşaqlar bəzən oyuncaqların kiçik hissələrini maraqla ağızlarına aparırlar. Amma maqnit və düymə formalı (button) batareyalar udulduqda bu, sadəcə yad cisim problemi deyil – həyati təhlükə yarada bilər.


Medicina.az xəbər verir ki, ən böyük təhlükə iki və ya daha çox maqnitin udulmasıdır.

Əgər maqnitlər bağırsağın fərqli hissələrinə düşərsə, onlar bir-birini cəzb edir. Nəticədə bağırsaq divarı iki maqnitin arasında sıxılır.

Bu isə:

bağırsaq divarında qan dövranının pozulmasına,
toxumanın ölməsinə,
deşik (perforasiya) əmələ gəlməsinə,
daxili qanaxmaya,
ağır infeksiyaya (peritonit) səbəb ola bilər.

Bəzən uşaq əvvəlcə özünü normal hiss edir. Amma bir neçə saat və ya gün ərzində vəziyyət sürətlə ağırlaşa bilər.

Bəs batareya udulanda?

Düymə formalı batareyalar daha təhlükəlidir.

Əgər batareya qida borusunda ilişərsə, cəmi 2 saat ərzində toxumaları yandırmağa başlaya bilər.

Bu zaman:

kimyəvi yanıq,
qida borusunda dərin yara,
deşik,
ağır qanaxma yarana bilər.

Ən təhlükəlisi odur ki, batareya təkcə içindəki maddəni sızdırdığı üçün yox, elektrik reaksiyası yaratdığı üçün də toxumaya zərər verir.

Hansı əlamətlər ola bilər?

Qusma
Qarın ağrısı
Udqunarkən çətinlik
Davamlı tüpürcək axması
Öskürək
Nəfəs almaqda çətinlik
Qızdırma
İştahsızlıq

Valideyn nə etməlidir?

Əgər uşağın maqnit və ya düymə batareya udduğundan şübhələnirsinizsə:

Qusdurmağa çalışmayın.
Evdə gözləməyin.

Dərhal təcili tibbi yardıma müraciət edin. Rentgen müayinəsi ilə yad cismin yeri müəyyən edilir və lazım gəldikdə təcili çıxarılır.


Tibb ədəbiyyatında bir neçə kiçik maqnit udduqdan sonra bağırsağında bir neçə deşik əmələ gələn uşaqların uğurlu əməliyyatla xilas edildiyi hallar təsvir olunub. Buna görə pediatrlar maqnitli oyuncaqların kiçik uşaqlardan uzaq saxlanmasını xüsusilə tövsiyə edirlər.

Aygün Musayeva