"Marketinq xəstəxananın maliyyə dayanıqlığının əsas alətlərindəndir” - Famil Musayev

  • 2026.07.03 22:30
  • 122 Baxış
"Marketinq xəstəxananın maliyyə dayanıqlığının əsas alətlərindəndir” -  Famil Musayev

Qafqaz Hospitalının direktoru Famil Musayev Bakıda keçirilən I Beynəlxalq Səhiyyə Menecmenti Konqresi çərçivəsində “Marketinqin səhiyyədəki əhəmiyyəti, tibbi marketinq strategiyaları, tibbi turizm üçün perspektivlər” adlı panel müzakirəsində “Çoxprofilli tibb mərkəzinin idarə olunmasında marketinqin rolu” mövzusunda çıxış edib.

Medicina.az xəbər verir ki, F.Musayev bildirib ki, çoxprofilli xəstəxana bütün əsas tibbi xidmət və şöbələri özündə birləşdirən mürəkkəb idarəetmə sistemidir. Onun sözlərinə görə, belə müəssisələrin effektiv fəaliyyəti yalnız peşəkar idarəetmə və düzgün marketinq strategiyası ilə mümkündür.

"Marketinq yalnız reklam deyil. Mənim fikrimcə, xəstəxana marketinqini düzgün quran rəhbər, əslində, xəstəxananı da uğurla idarə edə bilir. Çünki marketinqin əsas məqsədi tibb müəssisəsinin maliyyə dayanıqlığını təmin etmək, xidmət keyfiyyətini artırmaq və pasiyent məmnuniyyətini yüksəltməkdir", – deyə o vurğulayıb.

Direktor qeyd edib ki, tibbi marketinq iki əsas istiqamətdən ibarətdir – daxili və xarici marketinq. "Daxili marketinq xəstəxanadaxili proseslərin, xidmət keyfiyyətinin və əməkdaşların fəaliyyətinin təkmilləşdirilməsini, xarici marketinq isə pasiyentlərin cəlb olunmasını və onlarla effektiv kommunikasiyanın qurulmasını əhatə edir", - deyə o qeyd edib.

Onun sözlərinə görə, bu iki istiqamət bir-biri ilə sıx bağlıdır. "Pasiyent axını təmin olunsa da, daxildə keyfiyyətli xidmət göstərilməzsə, nəticədə ciddi idarəetmə problemləri yaranacaq", - deyə F.Musayev əlavə edib.

F.Musayev bildirib ki, xəstəxanalarda pasiyent axınının düzgün təhlili və şöbələr üzrə monitorinq aparılması idarəetmənin vacib elementlərindəndir. "Hansı şöbələrdə müraciətlərin artdığı və ya azaldığı müəyyən edilməli, bunun səbəbləri araşdırılmalı və uyğun qərarlar qəbul edilməlidir", - deyə F.Musayev vurğulayıb.

O, check-up proqramlarının hazırlanmasının da effektiv marketinq alətlərindən biri olduğunu deyib. "Endirimli və məqsədyönlü check-up paketləri həm pasiyent axınının artırılmasına, həm də uzunmüddətli pasiyent məmnuniyyətinin formalaşmasına xidmət edir", - deyə o bildirib.

F.Musayev çıxışında səhiyyədə brendləşmənin əhəmiyyətinə də toxunub. O bildirib ki, bu proses iki istiqamətdə aparılır – həkim brendi və xəstəxana brendi.

"Həkimlərin peşəkarlığının, akademik biliklərinin və peşəkar fəaliyyətinin ictimaiyyətə düzgün təqdim olunması xəstəxananın nüfuzunun formalaşmasına da müsbət təsir göstərir. Güclü həkim komandası güclü xəstəxana brendinin əsas sütunlarından biridir", – deyə o qeyd edib.

Direktorun fikrincə, uğurlu marketinq strategiyası rəqib müəssisələrin fəaliyyətinin təhlili olmadan mümkün deyil. "Müəssisə bazardakı mövqeyini və inkişaf istiqamətlərini müəyyənləşdirmək üçün rəqibləri mütəmadi analiz etməlidir", - deyə o bildirib.

Qiymət siyasətinə toxunan F.Musayev bildirib ki, insanlar sağlamlıqlarına qənaət etməməyə çalışsalar da, seçim zamanı xidmət qiymətini də nəzərə alırlar. "Buna görə də hər tibb müəssisəsi öz imkanlarına və xidmət səviyyəsinə uyğun qiymət strategiyası müəyyənləşdirməlidir", - deyə F.Musayev əlavə edib.

O, xarici təcrübədən də nümunə gətirərək bildirib ki, Rusiyada fəaliyyət göstərən böyük xəstəxanalardan birində hər pasiyentə könüllü əməkdaş təhkim olunur və həmin şəxs pasiyenti bütün prosedurlar boyunca müşayiət edir və bu yanaşma pasiyentdə diqqət və qayğı hissini artırır.

F.Musayev Azərbaycanda ən aktual problemlərdən birinin tibb və qeydiyyat personalının pasiyentlərlə ünsiyyət bacarıqları olduğunu bildirib. Onun sözlərinə görə, xəstəxanalarda pasiyentlərin qarşılanması, kommunikasiya, etik davranış və çətin diaqnozların çatdırılması ilə bağlı mütəmadi təlimlər təşkil edilməlidir.

O vurğulayıb ki, ağır diaqnozların pasiyentə çatdırılması xüsusi həssaslıq tələb edir. "Bununla yanaşı, Azərbaycan qanunvericiliyinə əsasən, hər bir vətəndaş öz sağlamlıq vəziyyəti barədə məlumat almaq hüququna malikdir və bu hüquq qorunmalıdır" - deyə o bildirib.

F.Musayev qeyd edib ki, həm həkimlər, həm də orta tibb personalı üçün davamlı peşəkar inkişaf və kommunikasiya təlimləri səhiyyə xidmətlərinin keyfiyyətinin artırılmasına mühüm töhfə verir.

Çıxışının sonunda o, tibbi reklamla bağlı qanunvericiliyin tələblərini xatırladıb. F.Musayev bildirib ki, Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən, tibbi reklam qadağandır və yalnız sanitar-maarifləndirici xarakter daşıyan məlumatların yayılmasına icazə verilir. "Həkimlərin fərdi reklamı və ya üstünlüklərinin reklam xarakterli təqdim olunması qanunvericiliyə uyğun hesab edilmir", - deyə o qeyd edib.

Direktor əlavə edib ki, tibb müəssisələri sosial media platformalarında paylaşılan rəy və müraciətləri daim izləməli, pasiyentlərin sual və iradlarına operativ şəkildə cavab verməlidirlər. Onun sözlərinə görə, bu yanaşma həm pasiyent məmnuniyyətini artırır, həm də müəssisənin etibarlı imicinin formalaşmasına xidmət edir.