Bakıda dərman firması 3096 manat cərimələnib

  • 06 Sentyabr, 2019
  • 819 Baxış
 Bakıda dərman firması 3096 manat cərimələnib


Bakı Apellyasiya Məhkəməsində "Strong Farm” MMC-nin 3096 manat məbləğində cərimələnməsi barədə qərardan verilən şikayətə baxılıb.

Medicina.az-ın xəbərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib və Nərimanov Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, şirkət Maliyyə Bazarlarına Nəzarət Palatasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsinə əsasən yazdığı protokola əsasən cərimələnib.

İXM-in 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyəti nəzərə tutur.

Bu inzibati xətaya görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

"Strong Farm” MMC dərman satışını həyata keçirən şirkətdir.