Məşhur tibb eksperti həkim deputatlara qarşı çıxdı - Nazimin şikayətçi olduğu həkim günahkardırmı?

  • 2017.10.10 16:57
  • 19979 Baxış
Məşhur tibb eksperti həkim deputatlara qarşı çıxdı -  Nazimin şikayətçi olduğu həkim günahkardırmı?
"Bir sıra dövlət rəsmilərinin, millət vəkillərinin həkimlərə qarşı aşırı dərəcədə qərəz elementləri ilə qatqılı subyektiv münasibətindən qaynaqlanan pressinqlər və təhdidlər tendensiyasının artmasından narahatlıq duyuram. Təəssüflər olsun ki, bəzi həkim ixtisaslı millət vəkilləri bu prosesi getdikcə körükləməkdədir. Mənəvi-psixoloji basqıların əsasında dayanan bir amil də indiyə qədər vətəndaşın sosial müdafiəsinin mühüm bir elementi olan icbari tibb sığortasının olmamasıdır”.


Medicina.az xəbər verir ki, bu fikirləri Tibb elmləri doktoru, professor Adil Qeybulla sosial şəbəkədə yazıb. Mətbuatda həkimlərə "karikatura yaradan” yeni termin və ifadələrin peyda olmasından narahatl olduğunu bildirən A. Qeybulla, günümüzdə istifadə edilən "həkim terroru” ifadəsinə beynəlxalq terminologiyada rast gəlinmədiyini bildirib.


"Terror dedikdə planlaşdırılmış qaydada, qəsdən kütləvi qırğın, adam oğurluğu, diversiyalar, siyasi və digər rəqiblərinin ölüm və digər qorxu üsulları ilə təhid edilməsi nəzərdə tutulur. Belə olan halda, bu ifadə həkimə münasibətdə nə qədər ədalətlidir? Əslində bu həkimlərə qarşı induksiya olunmuş aqressiyanın sözlə ifadəsidir. Niyə buna yol verilir? Çünki bizdə "təqsirsizlik prezumpsiyası” deyilən bir hüquq sadəcə dəfn edilib”, - deyə professor vurğulayıb.


"Faytonçu” ləqəbi ilə tanınan azərbaycanlı müğənni Nazim Pişyarinin xəstəliyi ilə bağlı başına gələnləri də qələmə alan A.Qeybulla yeni bir gündəmin ehtirası ilə üz-üzə olduğunu bildirib: "Bu, Elmed” klinikasının cərrah-həkimi, tibb elmləri namizədi Elman Əzimovun öd kisəsinin xəstəliyinə bağlı cərrahi əməliyyat etməsi və ondan sonrakı yaşantılarla bağlıdır. İlk növbədə qeyd edim ki, qara ciyər və öd yolları üzərində aparılan cərrahi əməliyyatlarda bütün dünya üzrə ağırlaşmaların sayı 30%-ə qədər yüksəlir. Bu həmin zonanın anomaliyaları, gec müraciətlərə bağlı iltihabi-destruktiv prosesin yaratdığı texniki çətinliklər, Mirizzi sindromunun olması, xoş xassəli (polip, adenomioz) və bəd xassəli (xərçəng, sarkoma) törəmələrin olması və s. ilə bağlıdır. Postoperasion ağırlaşmaların bir qismi insan (həkim) amili ilə deyil, xəstəliyin yaratdığı real situasiya ilə ilgilidir”. 


A.Qeybulla  həmçinin müğənninin şikayəti ilə bağlı araşdırılmasını vacib gördüyü bir neçə diskusion müddəaları qeyd edib:


"1. Xəstənin cərrahi əməliyyat üçün müraciəti xeyli gecikmiş olub və infiltrativ-iltihabi-destruktiv prosesin pikində olub (öd kisəsinin divarları qalınlaşmış, bərkləşmiş, ətraf toxumalara bitişik olub), əməliyyat daxili texniki çətinliklər və qanama da buna bağlı olub. 


2. Xaric edilən makropreparatın (öd kisəsinin) Milli Onkologiya Mərkəzində aparılan patomorfoloji tədqiqi xəstədə öd kisəsinin adenokarsinoması (xərçəng) olduğunu göstərib (bu rəylə təsdiq olunub). İddialara görə, xəstəyə getdiyi ölkələrdə xərçəng deyil, fon xəstəliyi olan öd kisəsinin adenomiozu qoyulub, yəni verifikasiya fərqi ortaya çıxıb. Bu fakt cərrahın məsuliyyəti deyil, onu histoloqlar öz aralarında müzakirə etməlidirlər. 


3. Xəstədə xəstəliyin gedişinə risk yaradan və onu ağırlaşdıran yanaşı patologiya şəkərli diabet olub (Comorbidity – iki xroniki xəstəliyin və situasiyanın bir xəstədə rast gəlməsi).


Hal-hazırda tanınmış müğənni qardaş Türkiyədə təkrar əməliyyat olunub. Ona Allahdan şəfa diləyirəm. Bizim həkimlərin böyük əksəriyyəti də məhz Türkiyənin nüfuzlu tibb məktəblərində yetişib. Əvvəlki əməliyyatı icra edən şəxs – Elman Əzimov da bu məktəbdə təcrübə keçmiş, xeyli sayda bu qəbildən olan əməliyyatları uğurla həyata keçirmiş cərrahdır. Gəlin məsələnin həllini peşəkarların – yüksək ixtisaslı tibbi komissiyanın ixtiyarına buraxaq. Bu daha ədalətli yanaşma olardı”.
Məşhur tibb eksperti həkim deputatlara qarşı çıxdı -  Nazimin şikayətçi olduğu həkim günahkardırmı?