Dünyaca məşhur ürək-damar cərrahı, Oksford Universitetinin professoru David Taggart vəfat edib.
Medicina.az xəbər verir ki, bu barədə professor, ürək-damar cərrahı Kamran Musayev bildirib:
"Beynəlxalq tibb ictimaiyyəti və ürək-damar cərrahiyyəsi sahəsi əvəzolunmaz bir simasını, mən isə çox dəyərli bir dostumu itirdim. Dünyaca məşhur ürək-damar cərrahı, Oksford Universitetinin professoru David Taggartın vəfatı məni dərindən sarsıtdı.
Professor David Taggart dünyada ürək-damar cərrahiyyəsinin, xüsusilə koronar arteriya cərrahiyyəsinin mübaliğəsiz və mübahisəsiz ən böyük lideri idi.
İllər boyu müxtəlif beynəlxalq konfranslarda birgə iştirak etmiş, sıx əməkdaşlıq qurmuş və daim fikir mübadiləsi aparmışdıq. Onunla bağlı ən yaddaqalan xatirələrimizdən biri də Ümummilli lider Heydər Əliyevin xatirəsinə keçirdiyimiz "Bakı Ürək Günləri" beynəlxalq konqresinin fəxri qonağı olmasıdır.
Professor Taggart hər zaman ölkəmizdə ürək-damar cərrahiyyəsinin inkişafına yaxından dəstək göstərmiş, azərbaycanlı mütəxəssislərin qabaqcıl beynəlxalq təcrübədən yararlanması üçün səxavətlə öz köməyini əsirgəməmişdi.
O, yalnız böyük alim deyil, həm də Azərbaycan kardiocərrahiyyəsinin sadiq dostu idi.
Mərhum professor David Taggarta Allahdan rəhmət diləyirəm. Əziz ailəsinə, yaxınlarına və bütün dünya tibb ictimaiyyətinə başsağlığı verir, bu ağır itkini dərin hüznlə paylaşıram.
Ruhun şad olsun, əziz dost!"
Aygün
Medicina.az