Milyonlarla insanın ölümünə səbəb olan xəstəliyə süni intellekt son qoyacaq? – Araşdırma

  • 2024.05.08 14:04
  • 536 Baxış
Milyonlarla insanın ölümünə səbəb olan xəstəliyə süni intellekt son qoyacaq? –  Araşdırma
Parkinson xəstəliyinə görə əlillik və ölüm halları bütün dünyada sürətlə artır.

Medicina.az xəbər verir ki, dünyada 10 milyondan çox insan Parkinson xəstəliyindən əziyyət çəkir.

"Yaşlılıq xəstəliyi" olaraq da bilinən Parkinson ilk dəfə 1817-ci ildə londonlu həkim Ceyms Parkinson tərəfindən təsvir edilib. Xəstəliyin beyində hüceyrələrin bir-biri ilə əlaqə saxlamasını təmin edən “dofamin” adlı maddəni istehsal edən hüceyrələrin korlanması nəticəsində meydana gəldiyi bildirilir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Parkinson xəstəliyinin ən çox görülən simptomları arasında "titrəmə, ağrılı əzələ dartılması və danışma çətinliyi" var.

Simptomları zamanla pisləşən xəstəliyin hazırda müalicəsi yoxdur. Ancaq dərmanlarla simptomları azaltmaq olur. Zərərçəkənlərin böyük bir hissəsinin əlil olmasına səbəb olan xəstəlik insanları qayğıya möhtac qoyur.

Digər tərəfdən, Parkinson xəstəsi olan bir çox insanda beyin hüceyrələrinin zədələnməsi nəticəsində düşünmə, xatırlama və düşünmə kimi zehni funksiyaların itirilməsinə səbəb olan, insanın gündəlik həyatına və fəaliyyətlərinə təsir edən demensiya inkişaf edir.

Parkinson Fondunun məlumatlarına görə, dünyada bu xəstəlikdən əziyyət çəkənlərin sayı 10 milyonu ötüb. Diaqnoz qoyulanların əksəriyyətinin yaşı 60-dan çoxdur. Kişilərdə bu xəstəliyin müşahidə olunması ehtimalı qadınlara nisbətən 1,5 dəfə çoxdur.

"Parkinson's Europe"a görə, dünyada "ən sürətlə yayılan" nevroloji xəstəlik olan Parkinsondan əziyyət çəkən insanların sayının 2050-ci ilə qədər iki dəfə artacağı gözlənilir.

Aclıq, iqlim dəyişikliyi və xəstəlik kimi qlobal problemlərə dair elmi məlumatları dərc edən “Our World in Data” internet saytının məlumatına görə, Avropa qitəsi 2019-cu ildə Parkinsonla bağlı ölümlərin ən çox baş verdiyi yerlərdən biridir. Yunanıstan “Parkinson xəstəliyindən ən çox insanın öldüyü Avropa ölkəsi”dir. Yaponiyada hər 100 min nəfərdən 11-i, Avstraliyada 8-i, Kanadada 9-u Parkinson xəstəliyindən dünyasını dəyişib.

Mütəxəssislər xəstəliyə tutulma və ölüm hallarının sayının artmasını demoqrafik artımla yanaşı, orta ömür uzunluğunun artması ilə də əlaqələndirirlər.

Təxminən 1 milyon Parkinson xəstəsinin olduğu ABŞ-da hər il orta hesabla daha 90 min amerikalıya bu diaqnoz qoyulur. 2030-cu ilə qədər ABŞ-da Parkinson xəstələrinin sayının 1,2 milyona çatacağı təxmin edilir. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə görə, bu xəstəlik ölkədə ölüm hallarına görə 14-cü yerdədir.

Çarə süni intellektədir?

Londondakı Moorfields Göz Xəstəxanasından və London Universitet Kollecinin Oftalmologiya İnstitutundan tədqiqatçılar Parkinson xəstəliyini göz skanları sayəsində simptomlar görünməzdən əvvəl aşkar etməyin mümkün olduğunu irəli sürüblər.

Tədqiqatçılar yaşı 40-69 arasında olan 67 311 sağlam könüllünün tibbi məlumatlarını ehtiva edən bazadan istifadə edərək, Parkinson xəstələrinin və xəstəliyi olmayanların gözlərində fiziki fərqlər aşkar ediblər. Bu kontekstdə mütəxəssislər, xəstəliyin əlamətləri görünməzdən əvvəl bu cür müayinənin aparılmasının onun erkən diaqnozuna kömək edə biləcəyini deyirlər.

İngiltərədə aparılan başqa bir araşdırma iştirakçıların istifadə etdiyi ağıllı saatlardan əldə edilən məlumatların Parkinson xəstəliyini 7 il əvvəldən aşkarlamağa kömək edə biləcəyini göstərib. Böyük Britaniyanın Kardiff Universitetinin Demensiya Araşdırma İnstitutundan olan tədqiqatçılar ölkədə təxminən yarım milyon insanın sağlamlıq məlumatlarını özündə əks etdirən "Biobank" adlı biotibbi məlumat bazasını süni intellektlə təhlil ediblər. Tədqiqatçılar 7 il ərzində Parkinson diaqnozu qoyulan iştirakçıların hərəkətlərinin sağlam fərdlərə nisbətən daha yavaş olduğunu müəyyən ediblər. Buna görə də ağıllı saatların Parkinson xəstəliyinin əlamətlərini 7 il öncədən təyin etməyə qadir olduğu bildirilib.


Aysel