Havalar soyudu, yağışlar başladı. Son günlərdə havanın tempraturunda 10 dərəcəyə qədər azalma müşahidə olunur. Bu isə sağlamlığımıza təsirsiz ötüşmür.
Medicina.az xəbər verir ki, mütəxəssislər temperaturun kəskin dəyişməsi ilə bağlı xəbərdarlıq edirlər. Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin baş həkimi, terapevt Gülnar Quliyeva qeyd edir ki, xüsusilə belə havalarda orqanizm kəskin hava dəyişikliyinə adaptasiya olmaqda çətinlik çəkdiyi üçün viruslara daha tez yoluxur. Məhz buna görə qrip, rinovirus, adenovirus və digər respirator viruslara yoluxma halları əhəmiyyətli dərəcədə artır.
Məlumdur ki, mövsümi viruslar əsasən hava-damcı yolu ilə: yoluxmuş şəxs öskürərkən, asqırarkən və ya danışarkən virus hissəcikləri ilə ətraf mühitə yayılır. Virusla çirklənmiş səthlərə toxunduqdan sonra əllərin ağız, burun və gözlə təması da yoluxmaya səbəb ola bilər.
Mövsümi virusların əsas simptomları:
İnteqrativ tibb mütəxəssisi, həkim-terapevt Gülnar Quliyeva qeyd edir ki, mövsümi viruslara yoluxma zamanı ilkin olaraq halsızlıq, yorğunluq, sümük ağrıları hiss edilir. Virus infeksiyalarının digər ən çox rast gəlinən simptomları isə bunlardır:
- Burun axması və ya tutulması
- Boğaz ağrısı
- Öskürək
- Hərarətin yüksəlməsi
- Baş və əzələ ağrıları
- Ümumi halsızlıq və yorğunluq
- Bəzi hallarda ürəkbulanma və iştahasızlıq
Viruslardan qorunmağın ən effektiv yolları
Həkim-terapevt, inteqrativ tibb mütəxəssisi bildirir ki, vaxtında görülən profilaktik tədbirlər immunitetin dəstəklənməsinə və virusların orqanizmə təsirinin daha yüngül keçməsinə kömək edə bilər.
Əl gigiyenasına diqqət edin
Əllərin müntəzəm olaraq sabun və su ilə yuyulması virusların yayılmasının qarşısını almağın ən sadə və effektiv üsullarından biridir. İctimai yerlərdən qayıtdıqdan sonra və yeməkdən əvvəl əllərin təmizlənməsi xüsusilə vacibdir.
Qapalı məkanları havalandırın
Havalar soyuduqca pəncərələr daha az açılır. Nəticədə viruslar qapalı mühitdə daha uzun müddət qala bilir. Otaqların gündə bir neçə dəfə havalandırılması və optimal rütubətin qorunması yoluxma riskini azaldır.
Xəstə insanlarla yaxın təmasdan çəkinin
Xəstəlik əlamətləri olan şəxslərlə yaxın təmasın məhdudlaşdırılması və zəruri hallarda maskadan istifadə yoluxma riskini azalda bilər.
İmmuniteti gücləndirin
Balanslı qidalanma, normal yuxu rejimi və müntəzəm fiziki aktivlik immun sisteminin güclənməsinə kömək edir. Meyvə, tərəvəz, balıq, yumurta və vitaminlərlə zəngin qidaların qəbulu xüsusilə faydalıdır.
Xəstəlik zamanı nə etməli?
Hərarət, öskürək, boğaz ağrısı və ümumi halsızlıq kimi əlamətlər yarandıqda evdə dincəlmək, bol maye qəbul etmək lazımdır.
Mütəxəssis antibiotik istifadəsinə də diqqət çəkir. Belə ki, həkim məsləhəti olmadan antibiotik istifadə etmək olmaz. Onların əsassız istifadəsi əlavə sağlamlıq problemlərinə səbəb ola bilər.
Aygün
Medicina.az