Mübariz Mənsimovun yardım etdiyi şəxs: "Elə bil o məni məzardan çıxartdı" - VİDEO

  • 2019.12.18 13:40
  • 3825 Baxış
Mübariz Mənsimovun yardım etdiyi şəxs:  "Elə bil o məni məzardan çıxartdı" - VİDEO

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun müalicə üçün İstanbula apardığı Ağdaş sakini Ramin Məmmədov artıq Azərbaycana qayıdıb.

Medicina.az xəbər verir ki, bu haqda o yeniavaz.com-a açıqlama verən R.Məmmədov ona diqqət və qayğı göstərən, müalicəsi üçün əlindən gələni edən "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimova xüsusi təşəkkür edib:

"Mənə kömək edən bütün insanlar sağ olsun. Mübariz müəllimə ayrıca təşəkkür etmək istəyirəm. O məni çağırtdırdı Türkiyəyə, mənə dəstək oldu müalicə xərclərimi öz üzərinə götürdü. Mən həmişə deyirəm, elə bil o məni məzardan çıxartdı. Allah ondan razı olsun! Ancaq çox təəssüf ki, mən Mübariz müəllimi görə bilmədim. Ən azından özünə təşəkkür edə bilmədim".

Ramin Məmmədov hal-hazırda ən böyük probleminin işsizlik olduğunu bildirib:

"Düzdür üzümdə şiş var o da çəkilib gedəcək. Ancaq ən böyük problemim işsizlikdi. Məndən başqa evə çörək gətirən yoxdur. Mənə uyğun iş olsa, işləyib ailəmi saxlayaram".

Qeyd edək ki, Ramin Məmmədov 2018-ci ildə Yeniavaz.com-a müraciət edərək həkimin səhv əməliyyatından sonra üzündə şiş yarandığını bildirmişdi. Bu müraciətdən sonra Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov R.Məmmədovun müalicə xərclərini öz üzərinə götürmüşdü.