Nazirdən valideynlərə çağırış: “Övladlarınızı qucaqlayın”

  • 2024.04.09 17:30
  • 899 Baxış
Nazirdən valideynlərə çağırış:  “Övladlarınızı qucaqlayın”
Böyük Britaniyanın səhiyyə naziri Viktoriya Atkins valideynlərə tövsiyələrlə çıxış edib.

Medicina.az xəbər verir ki, nazir uşaqların valideynlərin "sərt sevgi”sinə deyil, onlar tərəfindən daha çox qucaqlanılmağa ehtiyac duyduqlarını diqqətə çatdırıb.

O, yeni doğulmuş körpələrə qulluq ilə bağlı keçmiş nəsillərin yeni valideynlərə yanlış tövsiyələr verdiyini qeyd edib. Nazir valideynlərə uşaqlarını daha çox qucaqlamağı məsləhət görüb.

Uşağı çox qucaqlamaq onu "ərköyün edəcək” və ya “ağlayan körpəni sakitləşməsi üçün tək buraxmaq lazımdır” kimi, uzun müddətdir mövcud olan yanlış inanclar yeni kampaniya çərçivəsində hədəfə alınır.

Səhiyyə Nazirliyinin bu yaxınlarda başlatdığı “Həyata Başla” proqramı bu yanlış təsəvvürləri aradan qaldırmaq və valideynləri öz övladlarını çoxlu qucaqlamağa təşviq etmək məqsədi daşıyır.

Nazirin sözlərinə görə, mütəxəssislər xəbərdarlıq edirlər ki, valideynin çox sərt olması azyaşlı uşağın psixi sağlamlığına zərər verə və onun yetkinlik dövründəki davranışlarına təsir edə bilər.

"Həyatı Başla"nın məqsədi budur. Əgər biz uşaqlara həyatda yaxşı bir başlanğıc verə bilsək, bu, təkcə onlar üçün deyil, həm də ailədəki hər kəs üçün əla nəticələnəcək”, - deyə nazir bildirib.

Nazir qeyd edib ki, valideynləri maarifləndirmək məqsədi daşıyan 300 milyon funt sterlinqlik kampaniya çərçivəsində yardım ölkə üzrə 400 ailə mərkəzində və onlayn olaraq təmin ediləcək.

Qeyd edək ki, İngiltərədə aparılan sorğunun nəticələrinə görə, valideynlərin yarıdan çoxu körpələrinin erkən yaşlarında “uşağa ağlamağa icazə ver” və ya “fiziki sevgini məhdudlaşdırmaq lazımdır” kimi faydasız məsləhətlər aldıqlarını bildirirlər. Respondentlərin demək olar ki, üçdə biri bu məsləhətlərə əməl etdikləri üçün sonradan özlərini günahkar hiss etdiklərini söyləyiblər.


Aysel