Bir çox insan az yeməsinə baxmayaraq çəki verə bilmir. Dieta saxlayır, idman edir, hətta günlərlə ac qalır, amma yenə də çəki ya düşmür, ya da çox tez geri qayıdır.
Əslində arıqlamaq təkcə “az yemək” məsələsi deyil. Bədən bəzi hallarda yağ yandırmağa qarşı müqavimət göstərir.
Medicina.az xəbər verir ki, arıqlaya bilməməyin arxasında hormonal, metabolik və psixoloji səbəblər dayana bilər
İnsulin müqaviməti
Ən yayılmış səbəblərdən biridir. İnsan şirin yeməsə belə, bədən enerji yığmağa davam edir. Xüsusilə qarın və bel nahiyəsində piy toplanır.
Əlamətləri:
— davamlı aclıq hissi
— şirniyyat istəyi
— yeməkdən sonra yuxululuq
— qarın piylənməsi
— tez yorulmaq
Bu halda insan az yesə belə, bədən yağı saxlamağa davam edir.
Kortizol yüksəlişi
Uzun müddətli stress zamanı kortizol hormonu yüksəlir. Bədən özünü təhlükədə hiss etdiyi üçün yağ ehtiyatı toplamağa başlayır.
Xüsusilə:
— gec yatmaq,
— çox düşünmək,
— gərgin həyat,
— qorxu və narahatlıq çəki artımını sürətləndirə bilir. Belə insanlarda ən çox qarın bölgəsi böyüyür və ödem yaranır.
Zob, qalxanvari vəzi problemləri
Qalxanabənzər vəz zəif işləyəndə maddələr mübadiləsi yavaşıyır. İnsan az yesə də kökəlir və çəki vermək çətinləşir.
Əlamətləri:
— halsızlıq
— üşümək
— saç tökülməsi
— ödem
— qəbizlik
— yuxululuq
Bir çox qadın illərlə diet saxlayır, amma səbəb hormon olur.
Az yatmaq, yuxu pozğunluğu
Az yatmaq aclıq hormonlarını pozur. İnsan daha çox yemək istəyir və bədən enerji yığmağa başlayır. Araşdırmalar göstərir ki, gecə gec yatmaq və keyfiyyətsiz yuxu piylənmə riskini artırır.
Dəmir, D vitamin əskikliyi
Bu çatışmazlıqlar zamanı insanın enerjisi azalır, hərəkəti azalır və metabolizm zəifləyir.
Xüsusilə D vitamini azlığı:
— yorğunluq,
— əzələ zəifliyi,
— motivasiya itkisi yaradır.
Hormonal problemlər
Qadınlarda:
— polikistik yumurtalıq,
— menopauza,
— estrogen balanssızlığı çəki artımına səbəb ola bilər.
Yorucu dietalar, ac qalmaq
Çox sərt dietalar bədəni “qənaət rejiminə” salır. Orqanizm yağ yandırmaq əvəzinə onu qorumağa başlayır. İnsan az yedikcə metabolizm daha da yavaşlayır.
Emosional aclıq
Bir çox insan ac olduğu üçün yox, stress, boşluq, əsəb və yorğunluq səbəbindən yemək yeyir. Beyin yeməyi sakitləşmə vasitəsinə çevirir.
Oturaq iş, həyat
Saatlarla oturmaq:
— qan dövranını zəiflədir,
— metabolizmi yavaşladır,
— yağ yandırılmasını azaldır. Hətta gündəlik 30-40 dəqiqə yerimək belə bədən üçün çox vacibdir.
Əgər insan uzun müddət arıqlaya bilmirsə, bunları yoxlatdırmaq faydalıdır:
— insulin və şəkər
— TSH, T3, T4
— D vitamini
— ferritin və dəmir
— B12 vitamini
— kortizol
Aygün Musayeva