Niyə yata bilmirik? - Yuxunun görünməyən tərəfi

  • 2026.07.07 15:58
  • 113 Baxış
Niyə yata bilmirik? -  Yuxunun görünməyən tərəfi

Yaxşı yuxu sağlam həyatın əsas şərtlərindən biridir. Ancaq bəzən insan yorğun olsa da yata bilmir, gecə tez-tez oyanır və ya səhər özünü dincəlmiş hiss etmir. Çox vaxt bunu stress və ya gündəlik yorğunluqla əlaqələndiririk. Halbuki yuxu keyfiyyəti orqanizmdə eyni anda işləyən bir çox sistemin ahəngindən asılıdır.


Medicina.az xəbər verir ki, inteqrativ tibb yuxu pozulmasına bir simptom kimi deyil, bütün orqanizmin balansının göstəricisi kimi yanaşır. Sinir sistemi, hormonlar, işıq, qidalanma, fiziki aktivlik və gündəlik həyat tərzi birlikdə yuxunun keyfiyyətini müəyyən edir.

Orqanizmin "daxili saatı"

Hər bir insanın bədənində gecə-gündüz ritmini idarə edən təbii "daxili saat" mövcuddur. Bu sistem beynin xüsusi mərkəzləri vasitəsilə işıq və qaranlıq haqqında məlumat alır və bütün orqanizmə istirahət və oyanıqlıq siqnalları göndərir.

Səhər gün işığı bizi oyanmağa hazırlayır, axşam isə hava qaraldıqca orqanizm yuxuya hazırlaşmağa başlayır. Bu ritm pozulduqda yuxuya getmək çətinləşə, gecə tez-tez oyanmalar baş verə bilər.

Melatonin və kortizolun rolu

Yuxunun əsas tənzimləyicilərindən biri melatonin hormonudur. O, qaranlıq düşdükdən sonra ifraz olunur və orqanizmə istirahət vaxtının gəldiyini bildirir. Telefon, planşet və kompüter ekranlarından yayılan göy işıq melatoninin ifrazını azaldır. Buna görə də yatmazdan əvvəl ekranlardan istifadə yuxunun keyfiyyətinə mənfi təsir göstərir.
Kortizol isə əksinə, səhərlər bizi oyadan hormondur.

Normal şəraitdə gecələr onun səviyyəsi aşağı olur.

Lakin uzunmüddətli stress, narahatlıq və yuxusuzluq kortizolun gecə də yüksək qalmasına səbəb ola bilər. Bu zaman insan rahatlaşa bilmir və yuxuya getmək çətinləşir.

Yaş və həyat tərzi niyə vacibdir?

Yaş artdıqca melatoninin sintezi azalır və daxili ritmlər əvvəlki qədər sabit olmur. Buna görə yaşlı insanlarda yuxu pozulmaları daha çox rast gəlinir.
Bundan əlavə, gün ərzində kifayət qədər gün işığı almaq, müntəzəm fiziki aktivlik, sosial ünsiyyət, düzgün qidalanma və sabit yuxu rejimi daxili saatın normal işləməsinə kömək edir.
İnteqrativ tibbin yanaşması

İnteqrativ tibbdə yuxu pozulması yalnız yuxugətirici vasitələrlə aradan qaldırılmağa çalışılmır. Əsas məqsəd problemi yaradan səbəbləri müəyyən etmək və onları aradan qaldırmaqdır. Bunun üçün həyat tərzi, stress səviyyəsi, hormonal balans, qidalanma və sinir sisteminin vəziyyəti birlikdə qiymətləndirilir.

Müalicə fərdi seçilir və ehtiyac olduqda müxtəlif dəstəkləyici yanaşmalardan istifadə oluna bilər. Klinik praktikada yuxu–oyaqlıq ritminin tənzimlənməsinə dəstək məqsədilə Neurexan, Valerianaheel və Nervoheel kimi preparatlardan istifadə edilir.

Unutmaq olmaz ki, uzun müddət davam edən yuxusuzluq sadəcə narahatlıq deyil. O, ürək-damar sistemi, maddələr mübadiləsi, yaddaş, immunitet və emosional sağlamlığa da təsir göstərir. Buna görə yuxu problemləri davamlı xarakter alarsa, səbəbi araşdırmaq və vaxtında həkimə müraciət etmək ən doğru addımdır.



Aygün
Medicina.az