Ölüm haqqında sənəd necə alınmalıdır? - Meyit mütləq yarılmalıdırmı?

  • 2023.01.17 14:58
  • 760 Baxış
Ölüm haqqında sənəd necə alınmalıdır?  - Meyit mütləq yarılmalıdırmı?
Azərbaycanda problemli məsələlərdən biri də ölən şəxsin ölməsi və nədən vəfat etməsi barədə tibbi sənədin alınmasıdır.

İnsanlar təcili yardlmla, polisin arasında get-gəldə qalır.

Medicina.az ölüm şəhadətnaməsinin əldə edilməsinin qanunla tənzimlənməsi prosesini təqdim edir.


Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni müvafiq olaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən tibb müəssisələri və ya patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına məlumat verir.

Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir.

Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir.


Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir.



Aşağıdakı hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir:


• hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı;
• infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda;
• tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında;
• zorakı ölümə şübhə olduğu hallarda;
• ölümün baş vermə səbəbi məlum olmayan hallarda.
• ölənin qohumları tərəfindən şikayət olduğu hallarda.

Eyni zamanda Əhalinin sağlamlığının qorunması haqqında qanunun 41-ci maddəsinə əsasən patoloji-anatomik yarmanın aparılmasının məcburi hesab edildiyi hallar (hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri, infeksion xəstəliklər və onlar barəsində şübhə hallarında, tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırıla bilməyən ölüm hallarında), zorakı ölüm barəsində şübhə və qanunvericilikdə nəzərdə tutulmuş digər hallar olmadıqda ölənin ailə üzvlərinin, qohumlarının və ya qanuni nümayəndələrinin rəsmi xahişi ilə patoloji-anatomik müayinə aparılmaya bilər.

Beləliklə, yuxarıda göstərilən hallarda pataloji-anatomik yarma aparılmadan ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməsi qeyri-mümkündür.

Digər hallarda patoloji-anotomik yarma aparılmadan (ölənin ailə üzvlərinin, qohumlarının və ya qanuni nümayəndələrinin xahişi ilə) ölüm haqqında tibbi şəhadətnamə verilə bilər.
Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur.