Orqan köçürülməsi ilə bağlı miflər: Kimlər donor ola bilər? – Transplantoloqla videomüsahibə

  • 2023.12.28 16:24
  • 9030 Baxış
Orqan köçürülməsi ilə bağlı miflər: Kimlər donor ola bilər?  – Transplantoloqla videomüsahibə

Yeni Klinikada orqan transplantasiyası üçün demək olar ki, bütün şərait yaradılıb. Artıq icbari tibbi sığorta ilə böyrək, qaraciyər və sümük iliyi köçürülməsi mümkün olacaq. Bu məqsədlə özəl klinikalarda transplantologiya şöbələrinin əsas cərrahları, ölkənin tanınmış transplantoloqları dövlət xəstəxanalarına cəlb olunub.


Bu barədə Yeni Klinikanın Cərrahiyyə və Transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədov Medicina.az-a video müsahibəsində danışıb.

O, bildirib ki, orqan transplantasiyasında bundan sonra yeni dövrə qədəm qoyulur.

“Çünki ölkədə orqan köçürməyə ehtiyacı olan insanları sayı getdikcə çoxalır.

Orqan köçürülməsini inkişaf etdirmək üçün 3 şərt vacibdir: canlı donor, maliyyə təminatı, yəni sığorta, eyni zamanda meyitdən orqan köçürülməsi. İndiyə kimi Azərbaycanda yalnız canlı donordan orqan köçürülürdü. Bundan sonra qanunla meyitdən də orqan alınmasına başlanılacaq.


Transplantasiya əməliyyatı cərrahiyyənin ən çətin və xüsusi sahəsidir. Bu əməliyyatları icra edəcək klinikalara Nazirlər Kabineti tərəfindən icazə verilir. Bu xəstəxananın bütün texniki şərtləri və həkimləri yoxlanılır. Hər xəstəxanada transplantasiya etməyə icazə verilmir.


Bu işləri tənzimləmək üçün Səhiyyə Nazirliyi nəzdində Orqan Koordinasiya Mərkəzi yaradılıb. Burda canlı donorların uyğunluğu, qohum və ya könüllülük məsələləri, eyni zamanda beyin ölümü diaqnozunun qoyulması, meyitdən orqan alınmağa icazə, rəsmi işlər, orqanın alınması ilə məşğul olur”.


Həkim orqan alveri ilə bağlı cəmiyyətdə yayılan miflərə və aktual suallara da cavab verib. Bildirib ki, bu məsələ ilə bağlı yazılar kimlərinsə xəyalının məhsuludur:


"Azərbaycanda hansısa həkimin orqan alverilə məşğul olması və ya bu prosesin bir hissəsinə çevilirlməsi mümkün deyil. 2019-cu ildə qəbul edilən qanundan sonra yalnız qohumluq əlaqəsi olan şəxslər donor ola bilər.

Əvvəl isə qohum olmayan şəxsin də razılığı ilə orqanını başqasına köçürmək mümkün idi. Bəlkə bundan istifadə edib, kimsə orqan alveri ilə məşğul ola bilərdi.

Amma indi qətiyyən mümkün deyil. Onu da bildirim ki, indi orqan köçürülməsi məsələsi ayrı bir qruma həvalə olunub. Onların rəyi olmadan heç bir həkim orqan transplantasiyası edə bilməz".


Ətraflı müsahibə videoda: