Son zamanlar tez-tez eşitdiyimiz ozon terapiyası immun gücləndirici xüsusiyyətləri və bir çox xəstəliklərdə dəstəkləyici müalicə kimi istifadəsi ilə diqqət çəkir.
Bəs ozon terapiyası nədir, necə aparılır və kimlər qəbul etməməlidir?
Medicina.az xəbər verir ki, ozon terapiyası üç oksigen atomundan ibarət ozon qazının tibbi məqsədlər üçün istifadəsinə əsaslanır. Bədəndə oksigenləşməni artırır, hüceyrə funksiyasını dəstəkləyir.
Ümumiyyətlə immunitet sistemi xəstəlikləri, qan dövranı pozğunluqları, xroniki yorğunluq, infeksiyalar və bəzi dəri xəstəlikləri üçün dəstəkləyici müalicə kimi üstünlük verilir.
Ozon terapiyası müxtəlif üsullarla həyata keçirilə bilər. Ən çox yayılmış üsul xəstədən qan almaq, ozonla zənginləşdirmək və sonra venadaxili olaraq geri qaytarmaqdır.
Ozon həmçinin intraartikulyar, dərialtı və ya ozonlaşdırılmış su və ya yağ şəklində tətbiq oluna bilər. Müalicənin müddəti və üsulu xəstənin vəziyyətindən asılı olaraq mütəxəssis tərəfindən müəyyən edilir.
Ozon terapiyası aşağıdakı şəxslərə tövsiyə edilmir:
- Hamilə qadınlar
- Qanaxma pozğunluğu olan xəstələr
- Ağır anemiyası olanlar
- Ürək çatışmazlığı və nəzarətsiz hipertenziyası olan xəstələr
- Şiddətli allergik reaksiyaları olanlar
Aygün
Medicina.az