Mama-ginekoloqun etdiyi “estetik əməliyyat”ın dəhşətli fəsadları– “Hər ay qarnıma su yığılırdı...”

  • 18 Fevral, 2019
  • 14580 Baxış
Mama-ginekoloqun etdiyi “estetik əməliyyat”ın dəhşətli fəsadları– “Hər ay qarnıma su yığılırdı...”
Bir çox əməliyyatların sonrakı fəsadları, ağırlaşmaları, nəticədən xəstənin narazı olması barədə dəfələrlə pasiyent şikayətlərini təqdim etmişik. 
Medicina.az-a  qarnında aparılan abdominoplastika əməliyyatından sonra fəsadlar yaşayan, əməliyyatın keyfiyyətindən narazı qalan daha bir pasiyentdən müraciət daxil olub.

Belə ki, 37 yaşlı Sitara Piriyeva 2017-ci ildə Medika Hospital adlı klinikada mama-ginekoloq kimi çalışan Mehriban Məlikovaya qarında estetik əməliyyat hesab olunan, qarın gərmə əməliyyatını həvalə edib.

Pasiyentin dediyinə görə, o mama-ginekoloqun bu əməliyyatı etdiyini onun instagram səhifəsində görüb və qiymət cəlbedici olduğu üçün ora müraciət edib. 
"Həkim əməliyyatın asan olduğunu bildirdi, söz verdi ki, 6 aydan sonra qarnımda heç bir iz qalmayacaq. Açığı paylaşdığı əməliyyat və sonrası şəkillərə inandım, bir də qiymət 1500 manat olduğundan digər klinika və həkimlərdən daha sərfəli idi. Sonradan öyrəndim ki, bu həkimin heç plastik cərrah olaraq təhsili və təcrübəsi yoxdur. 

Təsəvvür edin, əməliyyat ortasında həkim gedib başqa xəstələri qəbul edir, hər dəfə 20 dəqiqə yoxa çıxır, yenidən qayıdıb davam edirdi. Elə bu, məndə onun peşəkarlığına şübhə yaratdı. Amma artıq gec idi. 

Əməliyyatdan sonra hər ay qarnıma su yığılırdı. Gedirdim suyu çəkdirirdim. Deyirdi belə də olmalıdır. Sarğımı açanda qarnımın çox eybəcər, səliqəsiz olunduğunu gördüm, dəhşətə gəldim. Yenə bu Mehriban həkim arxayın etdi ki, belə olmalıdır, düzələcək, zaman lazımdır. 

Amma aylar keçirdi, təbii ki, düzələ bilməyəcək qüsur, səhv düzələ də bilməzdi. Tikişin və kəsimin əyri olduğu gözlə görünürdü. Özünə də deyəndə ki, düzgün kəsməmisiz, dedi xoşun gəlmirsə, gəl bir də orasını-burasını düzəldək. 

Dedim, mən paltar deyiləm, siz də dərzi. 
Yaramın içindən, tikiş altından simlər, jilkalar çıxır. Göbəyimi bərbad günə qoyub. Yenidən əməliyyata razı olmadım. Çünki bunun üçün mən 15 kq çəki atmalıydım ki, artıq dəri əmələ gəlsin.  Amma Mehriban Məlikovanın bu heç vecinə deyildi. 

Dedim, ya əməliyyat pulumu geri qaytarın, çünki mən ziyana düşdüm, səhhətimə zərər vurmusuz, ya da sizi məhkəməyə verəcəm. Dedi, get nə edirsən et, səndən qorxmuram. Səni oturdarlar yerində”. 

Pasiyent bundan sonra  klinikanın baş həkimi Vəli Xəlilov və köməkçisinin qəbulunda olub. Onlar yaraya baxaraq, əməliyyatın uğursuz olduğunu bildiriblər. Amma xəstənin şikayətlərinə baxmayaraq, həkim üçün heç bir tədbir görməyibər. Xəstə klinikanın təsisçisi olan sahibkarı da tapıb, amma yenə də bir nəticəyə nail olmayıb.

"Heç kim mənə köməklik etmədi. Yoldaşım stressdən pis vəziyyətə düşdüyümü görüb məni digər plastik cərrahlar Sirus  Qoçqani və Dilqəm doktorun qəbuluna apardı. Onlar qarnıma baxıb dəhşətə gəldilər.  Dedilər, belə əməliyyat olmaz, nə düzgün kəsilib, nə də düzgün tikiş qoyulub. 
Təkrar əməliyyat üçün 15 kq çəki atmalısan ki, dəri boşalsın, yenidən əməliyyat edək, amma yenə də mükəmməl, ideal nəticəyə söz vermirik. Çünki çox böyük səhvlərə yol verilib.  

Ümumiyyətlə, o həkimdən çox şikayətlər eşitdim. Amma hamı susdurulur. Klinikanın baş həkimi onunla bir oxuduğu üçün onun tərəfini saxlayır, şikayətləri bağlayır, həkimi də klinikada əməliyyatlara buraxır. 

Yaramın tikişi belimə, onurğama kimi gedib çatıb. Yaranın içindən şiş kimi bərk düyünlər çıxır və məni incidir. Qarnımın bir hissəsini çox, bir hissəsini az götürüb, tikişi əyri qoyub. 

Mənə maddi və mənəvi ziyan vurublar. Pulumun geri qaytarılmasını istəyirəm. Çünki mən təkrar əməliyyat olmalıyam və bunu da başqa, peşəkar həkimə etdirməliyəm.
Xahiş edirəm, şikayətimi işıqlandırın ki, digər insanlar bu  özbaşınalığın qurbanı olmasın”.

Məsələ ilə bağlı Medicina.az-ın əməkdaşı Mehriban Məlikovayla əlaqə saxlayıb. O suallara cavab vermək istəmədiyini bildirib: "Bunu şikayətçinin özündən soruşun. Mən nə deyə bilərəm. Mən ümumi cərraham. Əməliyatı da yaxşı eləmişəm. Sadəcə hər bədənin öz xüsusiyyəti var. Hər şey ola bilər...
 

 
 
MEDİCİNA