Peyvənd olunan Adil Qeybulla - Heç bir diskomfort yoxdur, peyvənddən çəknməyin

  • 2021.01.23 16:46
  • 1694 Baxış
Peyvənd olunan Adil Qeybulla  -  Heç bir diskomfort yoxdur, peyvənddən çəknməyin

“Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Korpusunda COVID-19 infeksiyasına qarşı Çin Xalq Respublikasının "Sinovac" şirkətinin istehsal etdiyi "Coronavac" peyvəndinin 1-ci dozası vuruldu. Bu mətni peyvənd vurulmasından 16 saat sonra yazıram. İynə yerində xəfif ağrıdan başqa heç bir diskomfort yoxdur”.

Medicina.az xəbər verir ki, bu sözləri sabiq baş infeksionist professor Adil Qeybulla özünün sosial media hesabında yazıb.

“Şübhəsiz ki, peyvəndləmə pandemiyanın sonu deyil. Amma infeksiya zəncirinin qırılmasının, onun kaskad şəklində yayılmasının qarşısını almaq üçün vacib prosedurdur. Biz bu yolla kollektiv immunitetə və pandemiyanın sonuna tez və daha az itkilərlə yetişə bilərik. Peyvənd aktiv immunizasiya metodu olub, infeksiyalarla mübarizə işində elmin nail olduğu ən effektiv vasitə olaraq qalır”.


O, vətəndaşları bu reallıqları nəzərə almağa çağırıb: “Pandemiyanın başlanğıcında bəzi insanların sürətlə yayılan infeksiyanı yalan, boş şey, insanları məhv etmək metodu və s. kimi primitiv səviyyədə cəfəng, əsassız və məntiqsiz təbliğatı yada salın. Təəssüflə qeyd etmək yerinə düşərdi ki, sonradan həmin infodemiya (dezinformasiya) təşkilatının bəzi üzvləri özləri də xəstələndilər, onların içərisində həyatlarını itirənlər də az olmadı...

Ona görə də qətiyyən vaksin tərəddüdünə qapılmayın, bu kompaniyanı bilərəkdən yayan və ya səmimi yanılanların təbliğatına uymayın. Peyvənd olunun, bundan qətiyyən çəkinməyin”.