Peyvənd pasportu tətbiq etməyə hazırlaşan Avropa ölkələri - SİYAHI

  • 2021.02.11 13:25
  • 2129 Baxış
Peyvənd pasportu tətbiq etməyə hazırlaşan Avropa ölkələri -  SİYAHI

Novator.az saytı ABŞ-ın “Forbes” jurnalında dərc olunmuş “Peyvənd pasportu tətbiq etməyə hazırlaşan Avropa ölkələri” adlı məqaləni ingiliscədən çevirib. Məqalənin müəllifi Suzanna Rouen Kelleherdir.

Belə görünür ki, yaxın gələcəkdə beynəlxalq turistlərdən peyvənd pasportu və ya sertifikatı tələb olunacaq. Bu ideyanı getdikcə daha çox ölkə dəstəkləməyə başlayıb. Ölkələr peyvənd sənədlərini təqdim edən turistlərə karantin tətbiq etməyəcək və onlara koronavirus testləri olmadan ərazilərində sərbəst hərəkət etməyə icazə verəcək.

ABŞ hökuməti hələ peyvənd pasportu tətbiq etməsə də, yeni administrasiyanın bu ideyaya yaşıl işıq yandıracağı gözlənir.

Cozef Bayden prezident kürsüsünə əyləşdiyi ilk gün COVİD-19 pandemiyasına son qoymaq üçün 7 bənddən ibarət 200 səhifəlik milli pandemiya strategiyasını açıqlayıb. Strategiyanın 181-ci səhifəsində bir çox hökumət idarələri üçün nəzərdə tutulan direktivdən bəhs olunur. Direktivdə qeyd olunur ki, bu idarələr COVİD-19 əleyhinə peyvəndlər üzrə beynəlxalq vaksinasiya sertifikatlarının verilməsi və onların elektron versiyalarının hazırlanması prosesini dəyərləndirmək üçün birgə tədbirlər görməlidir.

Son bir neçə həftədə Avropada peyvəndlənmə sertifikatı proqramları geniş vüsət alıb.

“London Times” qəzetinin bugünlərdə verdiyi məlumata görə, Böyük Britaniya peyvənd olunmuş vətəndaşların bu yay xaricə səfər edə bilməsi üçün sertifikatlaşdırma proqramı hazırlayır.

Britaniyanın xarici işlər naziri Ceyms Kleverli “BBC Radio 4” radiosunun “Today” proqramındakı çıxışında bildirib ki, ölkələrin vaksinlərlə bağlı sənəd tələb etməsi qeyri-adi hadisə deyil və ona görə də Britaniya hökuməti beynəlxalq tərəfdaşlarla bu məsələni müzakirə etməyə hazırlaşır.

Ötən ay Avropa İttifaqı Komissiyasının prezidenti Ursula Fon der Lyayen Avropa İttifaqı üzrə vahid vaksinasiya sertifikatının yaradılması ideyasını dəstəklədiyini bəyan edib. O bildirib ki, vahid vaksinasiya sertifikatı hazırlanarsa, üzv dövlətlər onu öz vətəndaşlarına təqdim edə biləcəklər. Ursula Fon der Lyayen təklif edib ki, vaksinasiya sertifikatı “tibbi tələb” hesab olunsun.

Ursula Fon der Lyayen bu fikirləri Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin müraciətinə cavab olaraq səsləndirib. Kiriakos Mitsotakis müraciətində Avropa Komissiyasını ittifaq bloku daxilində səyahəti asanlaşdırmaq üçün koronavirusla bağlı standart vaksinasiya sertifikatı təqdim etməyə çağırmışdı.

Avropa İttifaqının bir sıra ölkələri vahid vaksinasiya sertifikatının təqdim olunmasını gözlədiyi halda, birliyə üzv olan bəzi dövlətlər artıq koronavirusa qarşı peyvənd olunmuş vətəndaşlara sertifikatlar verməyə başlayıb.

Vətəndaşlarına vaksinasiya sertifikatları verən ilk Avropa ölkəsi İslandiyadır. Yanvarın 21-dən başlayaraq İslandiyada vaksinin hər iki dozasını vurdurmuş vətəndaşlara sertifikat təqdim olunur. İslandiya Avropa İttifaqına üzv dövlətlərin və ya şengen ölkələrinin verdiyi analoji vaksinasiya sertifikatlarını qəbul edəcəyini bildirib.

Bu günlərdə digər iki Skandinaviya ölkəsi – Danimarka və İsveç də rəqəmsal pasportların verilməsinə başlayacaq. Həmin pasportlar sayəsində vətəndaşlar səyahət etməklə yanaşı restoranlara gedə, eləcə də konsertlərə, festivallara və digər böyük tədbirlərə qatıla biləcəklər.

Rəqəmsal pasportlar barədə danışarkən Danimarkanın maliyyə naziri Morten Boedskov bildirib ki, vətəndaşın peyvənd olunduğunu təsdiqləyən pasport əlavə sənəd kimi onun mobil telefonuna yüklənəcək.

İsveçin rəqəmsal inkişaf naziri Anders İqeman isə ölkəsinin ilk elektron sertifikatları iyun ayında təqdim edəcəyini deyib.

Sağlamlıq pasportu ideyasına töfhə verən ölkələrdən biri də İspaniyadır. İspaniyanın xarici işlər naziri Arança Qonsales yanvar ayında “RNE” milli radiosuna açıqlamasında peyvənd sertifikatı tətbiqinin ölkəsi üçün labüd olduğunu vurğulayıb: “Yenidən təhlükəsiz şəkildə hərəkət edə bilmək üçün vaksinasiya sertifikatı olduqca vacibdir”.

Avropa Komissiyası ilə görüşdə Portuqaliyanın daxili işlər naziri Eduardo Kabrita hazırkı COVİD-19 tələbləri ilə müqayisədə vaksinlərin sertifikatlaşdırılmasının daha asan idarə oluna biləcəyini bəyan edib. Onun sözlərinə görə, sertifikatlar təhlükəsizliyi təsdiq edən sənəd hesab olunmalı və onun tətbiqindən sonra sərhəd-keçid məntəqələrindəki bir sıra tələblər, o cümlədən koronavirus testləri ilə bağlı qaydalar ləğv edilməlidir.

Kipr də pasport ideyasını dəstəkləyən ölkələr sırasındadır. Kipr hökuməti peyvənd olunduğu haqda sənəd təqdim edən turistlərə test və karantin tələbləri tətbiq etməyəcəyini açıqlayıb.

Ötən ay Polşa da vaksinasiya ilə bağlı rəqəmsal pasport strategiyası tətbiq etməyə başlayıb. Hər iki dozada peyvənd vurduran vətəndaşlara unikal QR koda malik müvafiq təsdiqedici sənəd təqdim olunur. Vətəndaşlar sənədi yalnız şəxsi ictimai səhiyyə kabinetlərindən yükləyə bilərlər. Smartfonu olmayan şəxslərə sənədin çap versiyası təqdim edilir.

Polşanın səhiyyə nazirinin müavini Anna Qolavska mediaya açıqlamasında bildirib ki, sənəd vaksin vurdurmuş şəxsin pasportu hesab olunacaq və ona peyvəndlənmiş insanların hüquqlarından yararlanmaq imkanı verəcək.

Ölkələrin fərdi qaydada tətbiq etdikləri vaksinasiya sertifikatlarını qeyri-mütəşəkkil və problemli hesab edənlər bilməlidirlər ki, hazırda Dünya Səhiyyə Təşkilatı qlobal miqyasda istifadə olunacaq vaksinasiya sertifikatı üzərində işləyir.

Dünya Səhiyyə Təşkilatı hesab edir ki, koronavirus testinə dair protokollar və immunizasiya sənədləri ilə müqayisədə peyvəndlənmə pasportları hazırkı vəziyyətdə daha düzgün variantdır. Bu pasportlar vətəndaşların xəstəlikdən sağaldığını və antitelə malik olduğunu təsdiqləmiş olacaq.

“Reuters” agentliyinin verdiyi məlumata görə, Dünya Səhiyyə Təşkilatı ötən ilin oktyabr ayından bəri Estoniya ilə birgə rəqəmsal vaksinasiya sertifikatının hazırlanması üzərində iş aparır. Blokçeyn (paylanmış reyestr) texnologiyasından istifadə olunmaqla hazırlanan sertifikat “smart sarı kart” adlanır. Sertifikatın adı kağız formasında mövcud olan əvvəlki beynəlxalq vaksinasiya sertifikatının adından götürülüb. Həmin sertifikat insanlar arasında “sarı kart” adlandırılırdı və turistlərin sarı qızdırmaya qarşı peyvənd olunduqlarının sübutu kimi təqdim olunurdu.

Suzanna Rouen Kelleher

Mənbə: Forbes.com