Peyvənd yeni mutasiyaların da öhdəsindən gələ bilir

  • 2021.01.10 09:48
  • 1561 Baxış
Peyvənd yeni mutasiyaların da öhdəsindən gələ bilir
ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətləri koronavirus əleyhinə birgə hazırladıqları peyvəndi virusun Cənubi Afrikada və Böyük Britaniyada üzə çıxan yeni növlərinə (yeni ştamlara) qarşı sınaqdan keçirməkdədir. Sınaqların bu günə olan nəticələri “Pfizer”-“BioNTech” peyvəndinin koronavirusun yeni növlərinə qarşı effektivli olduğunu göstərir.

Medicina.az novator.az-a istinadən bildirir ki, bu məlumatı ABŞ-ın Nyu-York Post qəzeti yayıb.

Son həftələrdə həm Böyük Britaniyada, həm də Cənubi Afrikada COVİD-19 virusunun mutasiyaya uğramış yeni və daha sürətlə yayılan növləri aşkar edilib.

Redinq Universitetinin hüceyrə mikrobiologiyası üzrə dosenti Simon Klark bildirib ki, koronavirusun yeni növlərinin oxşar xüsusiyyətləri olsa da, Cənubi Afrikadakı varinatda ciddi həyəcan doğuran əlavə mutasiyalar var.

Bu səbəbdən koronavirus əleyhinə vaksinlərin virusun mutasiyaya uğramış növlərinə qarşı da effektli olub-olmayacağı sarıdan narahatlıqlar yaranıb.

Nyu-York Post qəzetinin yazdığına görə, “Pfizer”-“BioNTech” peyvəndinin yeni ştamlara qarşı effektivli olub-olmadığını öyrənmək üçün aparılan sınaqların ilkin nəticələri artıq bəllidir. Peyvənd olunmuş pasiyentlərin qan analizləri göstərib ki, vaksin yeni ştamların da öhdəsindən gəlir. Amma tədqiqat hələ tam başa çatmayıb. Çünki indiyə qədərki araşdırmalar yeni ştamlara xas mutasiyaların bütün incəliklərini əhatə etməyib.

“Pfizer” şirkətinin peyvənd üzrə aparıcı mütəxəssisi Fil Dormitser bildirib ki, onlar indiyədək “Pfizer”-“BioNTech” vaksininin 16 növ mutasiyaya necə təsir etdiyini yoxlayıblar. Həmin mutasiyaların heç birinin peyvəndin effektini zəiflətdiyi müşahidə olunmayıb.

Tədqiqatlar davam etdiyi və əlavə mutasiyalar da araşdırıldığı üçün hələ ki, “Pfizer” və “BioNTech” şirkətləri birgə hazırladıqları peyvəndin Cənubi Afrikada və Böyük Britaniyada üzə çıxan yeni ştamlara qarşı effektli olduğu barədə rəsmi açıqlama yayamağa tələsmir.